22 iyun 2011 15:00
Xəzər Lənkəran üçün şad xəbər
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi İsrail “Maccabi”si ilə ev oyunlarının yerini dəyişdirməyə razılaşıb. Azerisport.az xəbər verir ki, Təl-Əviv klubu belə bir istəklə çıxış etmiş və hətta UEFA-ya da məktub ünvanlamışdı.
Çünki UEFA-nın püşkatmasına əsasən iyulun 21-də həm “Maccabi”, həm də İsrailin digər təmsilçisi “Bnei Yehuda” öz rəqiblərini evdə qəbul etməliydi. Lakin hər iki klub ev oyunlarını paytaxtın eyni stadionunda keçirdiyindən, onların rəqiblərini eyni gündə qəbul etməsi baş tutmayacaqdı. Buna görə də, “Maccabi” rəhbərliyi iyulun 14-də keçiriləcək ilk oyunun Lənkəranda yox, Təl-Əvivdə keçirilməsini xahiş etmişdi. Belədə, onların “Bnei Yehuda” ilə görüşləri üst-üstə düşməyəcəkdi.
Təbii ki, belə bir variant təmsilçimiz üçün tam sərfəli olduğundan, “Xəzər Lənkəran” “Maccabi”nun bu istəyi ilə razılaşıb. Çünki ilk oyunu səfərdə keçirəcək “ağ-yaşıllar” cütün taleyini məhz Lənkəranda həll etmək şansı qazanıb. Artıq bu haqda UEFA da rəsmi qərarını klublara təqdim edib. Belə ki, "Xəzər Lənkəran" ilk oyunu səfərdə, cavab görüşünü isə evdə keçirəcək.
