22 iyun 2011 15:23
Tuyqun Nadirov: Maccabi qorxulası rəqib deyil
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov azerisport.az saytına müsahibəsində Avropa Liqasının püşkatmasının nəticələrini dəyərləndib, klubun büdcəsindən və yeni transferlərdən danışıb.
- “Xəzər Lənkəran” püşkatmanın nəticəsindən şikayətçi deyil?
- Xeyr. “Maccabi” heç də Polşa “Lech”indən, Xorvatiya “Dinamo”sundan güclü rəqib deyil. Onlara qarşı oynamışıqsa, Təl-Əviv klubuna qarşı da oynaya bilərik. Düzdü, İsrail təmsilçisi yaxşı komandadı. Güman ki, onlarla oyunlarda əlavə motivasiya axtarmağa gərək qalmayacaq.
- Növbəti mərhələyə adlamaq şanslarınızı necə dəyərləndirirsiz?
- Bəzi transferləri reallaşdırdıqdan, yaxşı hazırlaşdıqdan sonra bu rəqibi keçmək bizim üçün elə də çətin olmamalıdı. Bizim nəinki “Maccabi”ni keçməyə, hətta növbəti mərhələlərdə də uğur qazanmağa şansımız var. Bu, bizim qorxmalı olduğumuz rəqiblərdən deyil.
- Komandanın qarşısına rəhbərlik hansı vəzifəni qoyub?
- Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq yekun vəzifəmizdi. Təbii ki, güclü klubların sırasında yer almaq istəyirik.
- Avropa Liqası ərəfəsində KİV-də “Xəzər Lənkəran”ın büdcəsi ilə bağlı müxtəlif informasiyalar səslənməkdədi...
- Ümumiyyətlə, “Xəzər Lənkəran” ətrafında çoxlu şayiələr olur. Bunlar hamısı sözdədi. Onlara görə biz artıq Mirça Redniki qovmuşuq. Heç bir konkret məbləğdən söhbət gedə bilməz. Hər bir baş məşqçinin öz ölçüsü, həddi var. O, kimi komandada görmək istəsə, biz həmin futbolçularla danışıqlar aparmağa hazırıq.
- Artıq müqavilə bağladığınız oyunçular var?
- Hələlik yoxdu. Hazırda Braziliya və Portuqaliyadan olan futbolçularla danışıqlar aparırıq. Bu haqda informasiyanı ancaq danışıqlar bitdikdən sonra açıqlaya bilərəm.
