22 iyun 2011 16:21
AZAL Minsk`dən cavab gözləyir
AZAL Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Belarusun “Minsk” klubuna bu cütün ilk ev oyununun yerinin dəyişdirilməsi ilə bağlı müraciət ünvanlayıb. Azerisport.az xəbər verir ki, UEFA komandamızın ilk matçını evdə keçirməsini tələb etsə də, paytaxt klubu bununla razılaşmaq istəmir.
Çünki püşkə əsasən AZAL “Minsk”lə ilk oyunu səfərdə, cavab matçını isə evdə keçirməliydi ki, bu da komandamız üçün müəyyən üstünlük idi. Lakin püşkatmanın səhəri günü UEFA “Qarabağ”ın da ilk oyunu səfərdə keçirəcəyini nəzərə alaraq, AZAL-ın “Minsk”lə öncə Bakıda qarşılaşmasına qərar verdi.
Lakin AZAL UEFA-ya məktub ünvanlayaraq həm “Qarabağ”ın, həm özlərinin fərqli və bir-birindən xeyli uzaqda yerləşən stadionlarda oynayacağını, bu baxımdan təşkilatçılıqda heç bir nöqsan olmayacağını əsaslandırmağa çalışıb. Qitə futbol qurumunun rəsmiləri isə onları bundan ötrü “Minsk”dən də razılıq almağa çağırıb. Bu üzdən də AZAL Belarus tərəfinə də oxşar müraciət ünvanlayıb və cavab gözləyir. Düzdü, artıq bu qarşılaşmanın yerinin dəyişməsi inandırıcı görünməsə də, hər halda şans qalır və bakılılar bunun üçün hər bir vasitəyə əl atmaqda davam edir.
Bu məsələ ilə bağlı klub prezidenti Vaqif Qasımovun saytımıza açıqlaması da maraqlıdı: "Bu gün biz bir daha UEFA ilə əlaqə saxladıq. Onlar deyir ki, bunun üçün "Minsk"in də razılığı olmalıdı. Halbuki, püşkatmada elə ilk oyunun orda keçirilməsi qeydə alınmışdı və bunu dəyişəndə heç bizdən razılıq alan olmamışdı. Biz də onlarla əlaqə saxladıq, bildirdik ki, stadionumuzda kiçik təmir işləri aparırıq və bu üzdən ilk oyunun Belarusda keçirilməsini təmin etsinlər".
Artıq sözügedən məsələyə AFFA da qarışıb: "Bu məsələnin həllində AFFA-nın baş katibi Elxan Məmmədovun da köməyindən istifadə edirik. O da öz növbəsində UEFA ilə əlaqə saxlayıb. Bilmirəm UEFA Bakı və Şüvəlanın eyni şəhər olduğunu hardan bilir. "Tofiq Bəhramov"la bizim stadionun arasında 50 km-dən çox məsafə var. Ümid edirəm ki, "Minsk" tərəfi bizim müraciətimizə müsbət cavab verəcək".
