22 iyun 2011 17:42
Arif Əsədov: Neftçi bunun üçün əlindən gələni etməyə hazırdı
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Arif Əsədov Xorvatiya mətbuatına müsahibəsində komandasının UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi Zaqreb “Dinamo”sunu, eləcə də şanslarını dəyərləndirib. Azerisport.az “ağ-qaralar”ın çalışdırıcısının həmin açıqlamaları ilə sizi də tanış edir.
“Uğur qazanmaq üçün heç də püşkatmanın nəticələrinə ümid bəsləmək lazım deyil. Çünki Çempionlar Liqasında zəif komanda onsuz da olmur” – deyə, Əsədov iyunun 20-də baş tutan püşkün nəticələrinə münasibətini açıqlayıb.
Rəqibi dəyərləndirən həmyerlimiz Zaqreb klubu barədə bunları dilə gətirib: “Dinamo” şübhəsiz ki, güclü komandadı. Amma biz buna diqqət yetirməməliyik. Onlar Xorvatiya futbolunun lideri hesab olunurlar. Biz də 2007-ci ildə “Xəzər Lənkəran”la “Dinamo” arasındakı oyunları yaxşı xatırlayırıq. Elə indi də “Dinamo” çox güclü komanda olaraq qalmaqdadı. Amma biz də zəif deyilik”.
Əsədov hələlik şansların bərabər olduğunu dilə gətirib: “Aydın məsələdi ki, avrokuboklarda təcrübə baxımından “Dinamo” cütün favoriti hesab olunur. “Neftçi” isə sonuncu dəfə Çempionlar Liqasında 2005-ci ildə çıxış edib. Amma hesab edirəm ki, hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansları bərabərdi”.
“Neftçi”nin baş məşqçisi bildirib ki, komandası qarşıdakı oyunlara çox güclü hazırlaşır: “Biz qarşıdakı oyunlara çoxdan hazırlaşırıq. Artıq rəqibin öyrənilməsinə də start vermişik. “Dinamo”nun oyununu analiz etməyə çalışırıq. Fikrimcə, əsas ilk oyuna düzgün taktika ilə çıxmaq və evdəki cavab oyununa hazır olmaqdı”.
“Dinamo” kimi güclü rəqiblə düşməyimiz mənim yetirmələrim üçün əlavə bir stimul, motivasiya olacaq. Biz uğur qazanmağa daha çox həvəsliyik. Çünki “Neftçi” birinci mərhələni keçmək və Azərbaycanı Avropada layiqincə təmsil etmək üçün əlindən gələni etməyə hazırdı”.
