22 iyun 2011 17:53
UEFA daha bir FİFA referimizi Avroliqa matçına təyin etdi
Azərbaycanın daha bir FİFA referisi Avropa Liqasında oyun idarə etmək hüququ qazanıb. Azerisport.az xəbər verir ki, UEFA Fariz Yusifovla yanaşı Vüsal Əliyevə də Avroliqa oyununa təyinat göndərib.
Belə ki, Vüsal Əliyev qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 14-də keçiriləcək “Differdanj” (Lüksemburq) – “Levadiya” (Estoniya) matçına təyinat alıb. O, bu qarşılaşmada baş hakim olacaq. Lakin hələlik AFFA Hakimlər Komitəsi Vüsal Əliyevin bu oyundakı köməkçilərinin kimliyini dəqiqləşdirməyib.
Maraq üçün xatırladaq ki, Vüsal Əliyevdən öncə UEFA digər FİFA referimiz Fariz Yusifova da dəvət göndərmişdi. O isə Avroliqanın birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 7-də keçiriləcək “Kalyu” (Estoniya) – “Honka” (Finlandiya) matçında baş hakim olacaq. Yusifova bu işdə Elman Musayev, Azər Əsgərov və Elçin Məmmədov yardımçı olacaq.
