23 iyun 2011 00:01
Banga Qarabağ`ı evində qəbul edəcək, matçı islandlar idarə edəcək
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Azərbaycanın “Qarabağ” və Litvanın “Banga” klubları arasında keçiriləcək ilk matçın keçirilmə yeri, başlama saatı, eləcə də oyunu idarə edəcək baş hakimin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, cavab matçı ilə bağlı bir çox məqamlar artıq dəqiqləşsə də, ilk oyunla bağlı qeyri-müəyyənliklər vardı. Lakin artıq UEFA-nın rəsmi saytı sözügedən çatışmazlığı aradan qaldırıb.
Qitə futbol qurumunun yaydığı məlumata görə, Litvadakı görüş iyunun 30-da “Banga”nın təmsilçisi olduğu Qarqjday şəhərinin “Gargždai” stadionunda keçiriləcək. Maraq üçün qeyd edək ki, komanda ev oyunlarını cəmi 1700 azarkeş tutumuna malik bu stadionda keçirir. Bu üzdən də gözlənilirdi ki, “Banga” “Qarabağ”la doğma meydanda yox, Klaypededə - “Jalgiris”in stadionunda üz-üzə gələcək. Ağdam klubunun rəqibi Miriampol və Şaulyay varıantlarını da nəzərdən keçirirdi. Lakin görünür onlar doğma meydanda oynamağı daha üstün sayıblar.
“Banga” – “Qarabağ” matçı yerli vaxtla 18:30-da, Bakı vaxtı iləsə saat 20:30-da start götürəcək. Qarşılaşmanı İslandiyadan olan hakimlər briqdası idarə edəcək. Görüşün baş hakiminin Torvaldyur Arnason olduğu dəqiqləşsə də, onun köməkçilərinin kimliyi bilinmir.
Maraq üçün xatırladaq ki, bu komandalar arasındakı cavab görüşü iyulun 7-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. Görüşü ukraynalı Yuri Mojarovskinin rəhbərlik edəcəyi hakimlər idarə edəcək.
