22 iyun 2011 11:50
Qarabağ`da xoş sürpriz (FOTO)
“Qarabağ” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, Ağdam klubunun düşərgəsinə dünən yeni transfer - Bəxtiyar Soltanov qoşuldu.
Maraqlıdı ki, 22 yaşlı forvardın gəlişi onun ad gününə təsadüf etmişdi. “Qarabağ” ailəsi yeni üzvünü bağrına basaraq Bəxtiyara sürpriz hazırlamışdı. Axşam yeməyindən sonra hamı Bəxtiyarın ad günü üçün hazırlanmış tort ətrafında toplaşaraq səbəbkarı gözləyib. Məsələdən xəbərsiz Bəxtiyarın gəlişi alqışlarla qarşılanıb. Xoş sürprizdən təəccüblənən Soltanov yeni komanda yoldaşlarının alqışları altında “Xoş gəldin, Bəxtiyar` yazılmış tortun şamlarını söndürüb. Səbəbkar tədbirlə əlaqədar duyğularını bölüşüb:
“Bu mənim üçün xoş bir sürpriz oldu. Hər halda dünyanın heç bir yerində yeni gələn birisini belə isti qarşılamırlar. Gəldiyimdən hələ bir gün keçməyib, sanki illərdi bu komandanın üzvüyəm. İndi daha yaxşı anlayıram, niyə “Qarabağ”ın kollektivi haqqında həmişə xoş sözlər danışırlar. “Qarabağ”ın uğurlarının arxasında rəhbərliyin və Qurban müəllimin yaratdığı bu kollektiv durur. “Qarabağ”ın formasıyla oyuna çıxmağı səbirsizliklə gözləyirəm. İstəyirəm ki, oyunumla komandaya maksimum fayda verim. O zaman əsl “Qarabağ”lı olacam”.
