23 iyun 2011 13:23
Vaqif Cavadov bu gün Twente`də növbəti matçına çıxa bilər
Azərbaycan yığmasının hücumçusu, “Qarabağ” və “Bakı”nın sabiq üzvü Vaqif Cavadov iyunun 20-dən Hollandiyanın "Twente" klubunun heyətində hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Mişel Prüdomun komandadan ayrılmasından sonra yeni təyin olunmuş baş məşqçi Ko Adrianse hələ düşərgəyə gəlməsə də, futbolçular koməkçi-məşqçi Patrik Klüvertin rəhbərliyi altında hazırlıqlarını davam etdirirlər.
Vaqifin komandası artıq bu gün yeni mövsümə hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Doğma Enshede şəhərində baş tutacaq qarşılaşmada Cavadovun da meydana çıxacağı gözlənilir. Rəqib isə "Twenterand" klubu olacaq. Bu görüş Hollandiya vaxtı ilə saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) başlayacaq.
Yeri gəlmişkən artıq "Tvente"nin növbəti yoxlama görüşlərinə də aydınlıq gəlib. Ensherdelilər iyunun 25-də Hangelos şəhərinin yığması, 28-də "Markelo", 30-da DSV-61-lə qarşılaşacaq. Növbəti ay isə daha səviyyəli rəqiblərlə yoxlama oyunları keçirmək nəzərdə tutulur. Bunların sırasında "Genk", "Anderlecht" və "Cologne" kimi klublar da var.
