23 iyun 2011 12:16
Schalke Bakı İnter`inə 11 qol vurdu
Xəbər verdiyimiz kimi, "İnter"in 10 yaşlı futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak etmək məqsədilə Almaniyanın Qüterslo şəhərindədi. Azerisport.az xəbər verir ki, dünən paytaxt komandası turniröncəsi daha bir yoldaşlıq matçı keçirib.
"İnter"in bu dəfəki rəqibi Almaniyanın məşhur "Schalke" komandası olub. Helzengirhen şəhərində yerləşən “Veltins-Arena” stadionunda baş tutan oyun rəqib komandanın böyük hesablı qələbəsilə yekunlaşıb - 11:1.
Oyundan sonra “İnter”in baş məşqçisi Rövşən Babayev fikirlərini bildirib: "Bildiyiniz kimi, turnir ayın 23-də başlayır və turniröncəsi iki yoldaşlıq matçının keçirilməsini nəzərdə tutmuşduq. Artıq turnirə hazırlıq prosesimiz başa çatdı və keçirdiyimiz qarşılaşmaları oyun praktikasının artırılması baxımından yüksək qiymətləndirirəm.Oyuna gəldikdəsə onu demək istəyirəm ki, bu gün biz nəinki Almaniyanın, hətta Avropanın ən yaxşı futbol klublarından birinin-"Şalke04" klubunun komandasıyla qarşılaşdıq. Uşaqlar hər biri 25 dəqiqədən ibarət olmaqla 3 hissə meydanda mübarizə apardılar. Hər 3 hissənin gedişində əsas heyət də daxil olmaqla ehtiyat oyunçuları da meydana buraxdım. "Şalke04" çox güclü klubdur, amma məğlubiyyətə baxmayaraq, belə bir güclü komandayla keçirdiyimiz yoldaşlıq matçının komandamızın uğurlu çıxışına müsbət təsir göstərəcəyini düşünürəm".
