24 iyun 2011 17:39
Haciyevski: Neftçinin büdcəsi Dinamonunkundan az deyil
Azərbaycanın “Bakı” və “Simurq” klublarının, eləcə də yığma komandamızın sabiq baş məşqçisi Qyoko Haciyevski Xorvatiya mətbuatına müsahiə verib. Azerisport.az bu mütəxəssisin Xorvatiya və Azərbaycan çempionları “Dinamo” (Zaqreb) və “Neftçi” arasındakı Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki oyunları öncəsi fikirləri ilə sizi də tanış edir.
“Fikrimcə, “Dinamo”nun baş məşqçisi Krunoslav Yurçiç ən arzuolunmaz rəqiblə düşdüklərini deyərkən, həqiqəti söyləmişdi. “Neftçi” heç də adi komanda deyil. Hətta baxmayaraq ki, “Dinamo” çox güclüdü, heç də asan olmayacaq”.
Makedoniyalı Bakı komandasının tarixi və indiki durumunu xatırlayıb: “Azərbaycan SSRİ-nin tərkibindən çıxarkən “Neftçi” bu ölkənin Sovet birinciliyində demək olar ki, yeganə təmsilçisi idi. Bu komandanın öz ənənələri var və Azərbaycan futbolunun flaqmanı hesab olunur. Hazırda klubun yaxşı imkanlı sponsoru var. SOCAR başda olmaqla “Neftçi”nin büdcəsinin “Dinamo”nunkundan az olmadığını düşünürəm. Komandanın heyətində heç də az olmayan əcnəbilər var. Axı Azərbaycanda demək olar ki, legioner limiti yoxdu. Onu da qeyd edim ki, xalq komandası adlandırılan “Neftçi” altı il idi çempion ola bilmirdi”.
Haciyevskinin sözlərinə görə, “ağ-qaralar”ın bəzi oyunçularının illik qazancı 300 avro min civarındadırsa, braziliyalılar daha çox məvacib alır: “Komandanın əsas ulduzunun Emil Mpenza olduğunu demək olar. Sadəcə, ötən mövsüm o, istədiklərini həyata keçirə bilmədi. Mpenzanın böyük təcrübəsi var. Hər halda hazırda forma yığmaqdadı. Yəqin ki, Emilin Almaniya “Schalke”sindəki çıxışı hamının xatirindədi”.
Haciyevski Azərbaycan çempionunun ən yaxşı oyunçuları arasında həmyerliləri İqor Mitreski ilə Slavço Georgiyevskinin də adını xüsusi vurğulayıb: “Mitreski və Georgiyevski ilə yanaşı bu yaxınlarda onlar “Crvena Zvezda”nın qapıçısı olmuş Saşa Stamenkoviçi də heyətlərinə qatıblar. Amma “Dinamo” üçün ən təhlükəli futbolçuları Bahodir Nasimov, Flavinyo və Rodriqinyodu. Yurçiç onlara xüsusi diqqət ayırmalıdı. Amma istənilən halda “Dinamo” daha böyük təcrübəyə malikdi və hər il Avropada uğur qazanmaq üçün oynayır. Buna görə də onlar “Neftçi”ni keçməlidilər”.
Makedoniyalı mütəxəssis paytaxt klubunun prezidenti Sadıq Sadıqovu da xüsusi vurğulayıb: “O, çox ambisiyalı, güclü və varlı şəxsdi. O, yalnız “Neftçi” yox, Azərbaycan futbolunun inkişafı üçün çalışır”.
