24 iyun 2011 18:41
Qarabağ üçün Rauf Əliyev müjdəsi
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qarabağ” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, Qızılcahamam bölgəsində artıq iyunun 9-dan hazırlıqlarını sürdürən komanda Avroliqanın birinci təsnifat mərhələsində qarşılaşacağı “Banga” ilə oyuna köklənib.
Dünən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandaya istirahət vermişdi. Bu gündən isə komanda yenidən 2 məşqlə hazırlığı davam etdirib. “Qarabağ”ın ilk məşqi 10:30-da baş tutub. Təxminən 1 saat 40 dəqiqə davam edən çalışma fiziki hazırlığın yüksəlməsinə yönəldilib.
Sevindirici haldı ki, komandanın heyətində olan 24 futbolçunun hamısı hazırlıqda iştirak edib. İstanbulda müalicə olunan Rauf Əliyev də artıq komandanın düşərgəsinə qayıdıb. 22 yaşlı forvard fizioterapevtin nəzarəti altında yüngül fiziki hərəkətlərə başalyıb. Raufun gözləniləndən daha tez sağalması komandada üzləri güldürür. Komandamızın yeni transferi Bəxtiyar Soltanov da komandayla məşqlərdə iştirak edir. Məşqlərdə olduqca istəkli görünən Soltanovun adaptasiya dönəmini tez keçdiyini söyləmək olar.
Qeyd edək ki, “Qarabağ” Türkiyədəki çalışmalarını iyunun 27-nə kimi davam etdirəcək və ardınca Litvaya yollanacaq.
