25 iyun 2011 00:12
Bakı Makronla müqavilə imzaladı (FOTO)
“Bakı” futbol klubunun təlim-məşq bazasında “Bakı” futbol klubu və İtaliyanın idman geyimləri istehsalçısı “Makron” (Macron) şirkəti arasında 2 illik texniki sponsorluq müqaviləsi imzalanıb. Azerisport.az xəbər verir ki, sənədə “Bakı” futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov və “Macron” şirkəti idarə heyətini sədri Canluka Pavanello imza atıblar.
Əldə olunan razılaşmaya əsasən, Macron 2011-2013 illər mövsümündə “Bakı” futbol klubunun bütün komandalarını idman geyimləri ilə təmin edəcək.
“Bakı” futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov İmzalama mərasimindən sonra bu müqavilənin klubumuz üçün xeyirli olacağına inandığını söyləyib: “Bu gün dünyanın aparıcı şırkətlərindən biri ilə texniki sponsorluq haqqında müqavilə imzaladıq. Ümidvaram ki, növbəti mövsüm Macron formasında çıxış edən komandalarımız bizi və azarkeşlərimizi sevindirəcək və daha böyük uğurlar qazanacaqlar”.
Cavab sözü alan Canluka Pavanello Azərbaycanda ilk olaraq “Bakı” futbol klubu ilə anlaşmadan məmnun qaldığını bildirib: “Bakı”nın iddialı bir klub olduğunu bilirik. Əminəm ki, seçimimizdə yanılmamışıq. Klubun təlim-məşq bazası ilə tanış oldum və bildirmək istəyirəm ki, burada gördüklərim mənim üçün tam bir sürpriz oldu. Bu, fantastikadı. “Bakı” gələcəyi düşünən, gənc nəsillərə şans yaradan bir klubdu. Bunun nəticəsini yaxın zamanlarda görəcəyik. Əlimizdən gələni edəcəyik ki, bü gün bü gözəl salonda imzalanan müqavilə “Macron” və “Bakı” futbol klubu üçün düşərli və xeyirli olsun”.
Məlumat üçün əlavə edək ki, “Macron” İtaliyanın ən köklü geyim şirkətlərindən biridi. 1971-ci ildə əsası qoyulan qurumun baş gərargahı Bolonya şəhərində yerləşir. Dünyanın bir cox aparıcı ölkələrinin futbol, basketbol, voleybol klubları və milli komandaları “Macron”un ən müasir texnologiyalar əsasında hazırlanmış formalarında çıxış edirlər.
“Macron” prezidentini ölkəmizə işgüzar səfər zamanı şirkətin milli və beynəlxalq satış meneceri Stefano Mazzardo və Türkiyə təmsilçisi Nəcməddin Çelikxan müşayət ediblər.
