24 iyun 2011 00:27
Avropa Liqasında yeni mövsümə Bakıda start veriləcək
UEFA Avropa Liqasının yeni mövsümünə Bakıda start veriləcək. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin 2011-2012 mövsümünün ilk matçları məhz Bakıda və İrəvanda keçirəcək.
Belə ki, iyunun 30-da keçiriləcək bu turnirin birinci təsnifat mərhələlərinin qarşılaşmalarından biri Azərbaycan, digəri isə Ermənistan paytaxtında keçiriləcək. İrəvanda “Banants” Gürcüstanın “Olimpi” (Rustavi) klubunu qəbul edəcəksə, Bakıda da AZAL Belarusun “Minsk” klubunu qonaq edəcək. Hər iki görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Birinci mərhələnin həmin günə təsadüf edəcək qalan bütün oyunlar isə sonrakı saatlarda başlayacaq.
Qeyd edək ki, həmin gün meydana çıxacaq digər təmsilçimiz “Qarabağ” da AZAL-dan cəmi yarım saat sonra (20:30-da) Litvada “Banga”nın qonağı olacaq.
