25 iyun 2011 13:45
Neftçi Amiti Türkiyə klubuna pulsuz satdı
Azərbaycan yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Amit Quluzadə karyerasını Türkiyənin “Erciyesspor” klubunda davam etdirəcək. Azerisport.az xəbər verir ki, bununla bağlı bir neçə müddət idi danışıqlar aparan tərəflər artıq razılığıa gəlib.
Millimizin üzvü ilə 2+1 sistemi üzrə müqavilə imzalanıb. Bakılılar bu keçiddən demək olar ki, heç nə qazanmış olmayacaq. Amma əvəzində Kayseri klubunun qarşısında bir sıra şərtlər qoyublar.
Bu barədə saytımıza açıqlama verən “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov bunları dilə gətirib: “Biz gənc futbolçumuzun qarşısını almaq istəmirik. Digər tərəfdən “Erciyesspor” rəhbərliyi də heyətlərini gücləndirmək yönündə bu transferin həllində çox maraqlıdı. Amma bizim də öz şərtlərimiz oldu. Əgər Amit mövsümün 50 faiz oyununda meydana çıxmasa, onda “Neftçi” öz futbolçusunu geri qaytarmaq hüququna malik olacaq. Digər tərəfdən Türkiyə klubu onu hansısa komandaya satmaq istəyəndə də bizim razılığımızı almalıdı. Qayıdacağı halda da Amit ancaq “Neftçi”də oynamalı olacaq”.
Sonda onu da vurğulayaq ki, Amitin yeni klubu Türkiyənin Bank Asiya birinci liqasında mübarizə aparır. "Erciyespor" son mövsümü 48 xalla 8-ci pillədə bitirib. Quluzadə iyunun 29-dan etibarən yeni komandasının hazırlıqlarında iştirak edəcək.
