25 iyun 2011 19:01
Amit Quluzadə: Əsas məqsədim Türkiyə klubunun heyətində güclənməkdi
Xəbər verdiyimiz kimi, "Neftçi"nin yetirməsi Amit Quluzadə Türkiyənin "Erciyesspor" klubuna transfer olunub. Azerisport.az xəbər verir ki, gənc yarımmüdafiəçinin flaqmanla müqavilə müddəti başa çatmasa da, "Neftçi" rəhbərliyi Quluzadənin karyerasını ölkə xaricində davam etdirməsinə şərait yaradıb.
19 yaşlı yarımmüdafiəçi Türkiyə klubuna keçidiylə bağlı fikirlərini bildirib: "Türkiyədə "Neftçi" ilə birgə təlim-məşq toplanışında olanda "Erciyesspor" klubunun mənimlə maraqlandıqları xəbərini eşitdim. Sonra "Neftçi" və "Erciyesspor"un rəhbərliyi arasında danışıqlar oldu. Yeri gəlmişkən, "Neftçi" ilə müqaviləm bitmədiyindən, məni buraxmaya bilərdilər. Lakin Türkiyədə oynamağım üçün hər cür şərait yaratdığına görə klub prezidenti Sadıq Sadıqova dərin minnətdarlığımı bildirirəm. "Erciyesspor"la 3 illik müqaviləyə imza atmışam. Öyrəndim ki, "Erciyesspor"un ötən mövsüm Superliqaya vəsiqə qazanması üçün cəmi 3 xalı çatmayıb və iddialarını davam etdirəcəklər. Çalışacağam qardaş ölkədə Azərbaycanı layiqincə təmsil edim. Əsas məqsədim bu komandanın heyətində güclənmək, sonra isə daha güclü komandaların heyətində çıxış etməkdi". (klubun saytı)
