25 iyun 2011 20:38
Twente darmadağın edir, Vaqif izləyir
Millimizin hücumçusu, “Qarabağ” və “Bakı”nın sabiq oyunçusu Vaqif Cavadovun heyətində yer aldığı Hollandiyanın “Twente” klubu bu gün növbəti mövsümə hazırlıq prosesi çərçivəsində ikinci sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandasının rəqibi Hangelos şəhərinin yığması olub.
Bundan əvvəlki sınaq matçında olduğu kimi, Enshede təmsilçisi yenə özündən zəif rəqibini darmadağın edib. Belə ki, Cavadovun komandası rəqibini 10:1 hesabıyla məğlub edib. Qolların tən yarısına – beşinə Qouriye imza atıb. Digər qolları isə Yanssen, Stokentri, Rendla və dubla imza atan Yon vurub.
Təəssüf ki, millimizin üzvü bu dəfə də meydana çıxa bilməyib. “Twente” meydanda aşağıdakı heyətlə mübarizə aparıb:
Birinci hissə: Boşker (Marsman, 10), Kornelis, Bengtsson, Visqerhof, Buys, Brama, Leugers, Yanssen, Yon, Rendla, Berghuis
İkinci hissə: Bednarek, Tesker, Duqlas, Ottenhof, Buma, Bannink, Van Aken, Yahya, Roseler, Stokentri, Qouriye.
“Tvente”nin növbəti yoxlama görüşlərinə gəlincə, ensherdelilər iyunun 28-də "Markelo", 30-da DSV-61-lə qarşılaşacaq. Növbəti ay isə daha səviyyəli rəqiblərlə yoxlama oyunları keçirmək nəzərdə tutulur. Bunların sırasında "Genk", "Anderlecht" və "Cologne" kimi klublar da var. Ümid edək ki, hələ də məxsus olduğu klubun düşərgəsində olan Vaqif məşqçilər korpusuna özünü göstərə biləcək.
