26 iyun 2011 14:06
Meksikadan möhtəşəm əzmkarlıq və çempionluq (VİDEO)
CONCACAF “Gold Cup” turnirinin qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, ABŞ-da düzənlənən mötəbər turnirin həlledici oyununda meydan sahibləri ilə Meksika millisi üz-üzə gəlib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada ABŞ-ı 4:2 hesabıyla məğlub edən Meksika qitənin ən güclüsü adını qazanıb. Matçda hesabı meydan sahibləri açıb. 8-ci dəqiqədə Bradli komandasını hesabda önə keçirib. 23-cü dəqiqədə Landon Donovan hesabı 2:0-a çatdırıb. Amma meksikalılar bu çətin vəziyyətdən inanılmaz əzmkarlıqla çıxıblar. Öncə 29-cu dəqiqədə Barrera fərqi azaldıb. Bu qoldan yeddi dəqiqə sonra da Quardado hesabı bərabərləşdirib.
İkinci hissədə də üstün oyun sərgiləyən Meksika 50-ci dəqiqədə Barreranın ikinci qoluyla hesabda önə keçib. Matçda son nöqtəni isə Dos Santos qoyub – 2:4.
Beləcə, Meksika tarixində beşinci dəfə “Gold Cup” turnirinin qalibi olarkən, Xavyer Ernandes də müsabiqənin ən dəyərli futbolçusu seçilib. Qeyd edək ki, Meksika ötən mövsümdə də bu turnirin finalında məhz ABŞ-a qalib gəlmişdi. Bütövlükdə isə Meksika və ABŞ turnir tarixində daha öncə 4 dəfə üz-üzə gəlmişdi ki, onlardan üçündə Meksika qazanan tərəf olmuşdu.
