26 iyun 2011 00:06
İnter Türkiyədə tam heyətlə hazırlaşa bilmir
Xəbər verdiyimiz kimi, "İnter" hazırda Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, dünən ilk məşqinə çıxan Kaxaber Tsxadadzenin yetirmələri, bu gün 2 dəfə hazırlıq keçiblər.
Səhərki məşqin ilk hissəsi trenajor zalında keçib. Bundan sonra futbolçular meydana çıxıblar. Axşam məşqində isə oyunçular iki saata yaxın topla çalışıblar.
Qeyd edək ki, "İnter" İspartaya 20 futbolçu ilə yollanıb. Bunlar qapıçılar - Georgi Lomaya, Dmitri Kramarenko, Səlahət Ağayev və Anar Məhərrəmov, müdafiəçilər - İlia Kandelaki, Valeri Abramidze, Xəyal Mustafayev, Ruslan Poladov və Arif Daşdəmirov, yarımmüdafiəçilər - Petar Zlatinov, Daniel Genov, Bronislav Çervenka, Samir Zərgərov, Asif Məmmədov, Asif Mirili, Şəhriyar Rəhimov və Nizami Hacıyev, hücumçular - Girts Karlsons, Baçana Tsxadadze və Elnur Abdulovdu.
Əlavə edək ki, toplanışın gedişində komandanın düşərgəsinə Vladimir Levin və hal-hazırda Azərbaycanın U-19 yığma komandasının sıralarında olan Aleksandr Qrossun də qatılacaqları gözlənilir. Bu futbolçular Türkiyəyə iyunun 28-də gələcək.
