27 iyun 2011 13:02
Argentina futbolunda böyük şok!
Argentina futbolunda gözlənilən qorxulu hadisə baş verib. Azerisport.az xəbər verir ki, 110 illik tarixi olan ölkə futbolunun flaqmanı "River Plate" güclülər dəstəsi ilə vidalaşıb.
Pley-offun ilk matçında səfərdə "Belgrano"ya 0:2 hesabı ilə uduzan və şansını ev oyununa saxlayan "River Plate" bu vəzifənin öhdəsindən gələ bilməyib. 90 dəqiqəlik mübarizə 1:1 hesablı bərabərliklə bitib və sözügedən komanda aşağı dəstəyə yuvarlanıb.
Bu hadisə azarkeşləri özündən çıxarıb. Klublarının aşağı dəstəyə düşmələrini həzm edə bilməyən "River Plate" azarkeşləri qarşılaşma başa çatan kimi futbolçulara hücum ediblər. Oyunçular canını döyülməkdən polislərin köməyi ilə qurtarıb. Azarkeşlər uzun müddət stadionun ətrafını tərk etməyiblər, yaxınlıqdakı xeyli avtomobili yandırıblar. Polis yalnız su şırnaqlarıyla fanatları dağıtmağı bacarıb. Bu hadisədən sonra "Monumental" stadionu bərbad günə qalıb. Oturacaqların əksəri sındırılıb, arenanın hasarının bir hissəsi uçurulub. Azarkeşlər paytaxt küçərələrinə axışaraq münaqişələrə səbəb olublar ki, bu hadisələrin də sonunda 25 nəfər ağır dərəcəli xəsarət alıb.
Qeyd edək ki, "River Plate" 110 illik tarixi ərzində heç vaxt aşağı liqaya düşməyən üç klubdan biri idi. İndiyədək 33 dəfə ölkə çempionu olan komanda 2 dəfə "Copa Libertadores"un, 1 dəfə Qitələrarası Kubokun qalibi olub.
