28 iyun 2011 01:30
FİFA da Azərbaycan və Ermənistanı ayırmağa qərar verdi
2014-cü il dünya çempionatının püşkatma mərasimi zamanı Avropa zonasında 4 ölkə siyasi motivlərlə əlaqədar bir-birindən ayrılacaq. Azerisport.az xəbər verir ki, bu barədə qərarı FİFA UEFA-nın xahişi ilə qəbul edib.
Belə ki, məhz bu səbəbdən Rusiyanın Gürcüstanla, Azərbaycanın isə Ermənistanla eyni qrupa salınmayacağı dəqiqləşib. Qitənin qalan futbol qurumlarından heç biri FİFA-ya analoji xahişlə müraciət etməyiblər.
Qeyd edək ki, UEFA AÇ-2012-nin seçmə mərhələsinin püşkü atılarkən də bu prinsipə riayət etmişdi. AÇ-2008-in seçmə mərhələsində isə Azərbaycan və Ermənistan eyni qrupa düşsələr də, UEFA iki ölkə yığması arasındakı oyunların keçirilməməsinə qərar vermişdi.
DÇ-2014-ün seçmə turnirinin püşkü iyulun 30-da atılacaq. Püşk zamanı Rusiya 2-ci, Gürcüstan və Ermənistan 4-cü, Azərbaycan isə 5-ci səbətdə olacaq.
