28 iyun 2011 15:22
Narbekovas: Qarabağ`a qan iyini hiss etməyə imkan vermək olmaz
Avropa Liqasının birinci təsnifat mərhələsində Ağdamın "Qarabağ" klubu iyunun 30-da səfərdə Litvanın "Banga" klubu ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu oyun ərəfəsində rəqib komandanın baş məşqçisi Arminas Narbekovas öz şanslarını dəyərləndirib:
"Biz "Qarabağ" haqda kifayət qədər məlumat toplamışıq. Futbolçularımla birgə "Qarabağ"ın keçirdiyi oyunların videoyazısını izləmişik. Onlara müdafiədə və hücumda necə oynamağı başa salmışam. Rəqibimiz çox güclüdü. Onların əsasən də ötən mövsüm Polşanın "Wisla" klubu ilə görüşlərini qeyd edə bilərəm. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən "Qarabağ" doğma azarkeşləri önündə 7 dəqiqəyə 3 qol vurmuşdu. "Qarabağ"ın 28 və 35-ci dəqiqlər arasında 3 qol vurması komandanın gücündən xəbər verir. Məhz bu üzdən onlara “qan iyini” hiss etməyə imkan verməməliyik. Əks halda onlar bizi də yolundan kənarlaşdıracaq”.
