28 iyun 2011 16:01
“Fikrimcə, Qarabağ`ı keçmək üçün lazımı inam və cəsarətimiz olacaq”
Litvanın “Banga” klubunun idarə heyətinin sədri Daynyus Satkus UEFA Avropa Liqasında onlara rəqib olan Azərbaycanın “Qarabağ” klubu ilə duellərdəki şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, iyunun 30-da keçiriləcək ilk oyun ərəfəsində Ağdam klubunun rəqibinin rəhbəri bunları dilə gətirib:
“Komandanın və məşqçilərin işi aydındı. Litva kubokunun finalında “Ekranas” favorit olsa da, biz sona kimi döyüşdük. İndi isə bizi “Qarabağ”la çətin oyun gözləyir. İnanıram ki, biz nəinki öz klubumuzu, həm də Litvanı layiqincə təmsil edə biləcəyik”.
Satkus azarkeşlərin onları bu çətin sınaqda yalnız buraxmayacağına inandığını da vurğulayıb: “Biz çox ümid edirik ki, çərşənbə axşamı stadionumuzda çoxlu azarkeş olacaq, tribunaları dolduracaqlar. Bizi böyük tamaşa gözləyir. Odu ki, nə qədər çox azarkeş olsa, bir o qədər yaxşı dəstək almış olarıq”.
Onun sözlərinə görə, Azərbaycan klubu ilə düşdüklərini eşidəndə buna münasibəti normal olub: “Düzdü, mümkün rəqiblərimiz arasında ən çətini məhz “Qarabağ” idi. Bu klub ardıcıl iki ildi qruo mərhələsinin bir addımlığında dayanır. Amma əlbəttə, biz də optimistliyimizi itirmirik. Kiçik klub olsaq da, böyük işlər üçün can atırıq. Fikrimcə, Qarabağ`ı keçmək üçün lazımı inam və cəsarətimiz olacaq. Son beş ildə sübut edə bilmişik ki, daha ciddi turnirlərdə çıxış edə bilərik”.
Amma Sutkis də etiraf edir ki, hazırda böyük uğurlar qazanmaları o qədər də inandırıcı görünmür: “Bu mövsüm olmasa da, hər halda növbəti mövsümlərdə daha böyük uğurlara ümid etmək olar. Çünki hazırda komandamızda beynəlxalq oyun təcrübəsi baxımından çatışmazlıqlar var. Amma zamanla hər şey arxada qalacaq. Bu, təbii prosesdi”.
“Banga”nın rəsmisi “Qarabağ”la oyunun onların kiçik stadionunda keçirilməsinə icazə verilməsinə də münasibətini açıqlayıb: “Biz azarkeşlərimizə minnətdar olmalıyıq. Bu oyunu doğma meydanda keçirməyimizə əsas səbəblərdən biri də məhz doğma azarkeşlərimizdi. Ümid edirəm ki, birgə daha müsbət işlər görə biləcəyik”.
