28 iyun 2011 00:03
Avrokuboklarda yeni mövsüm bu gün başlayır
Bu gün avrokubokların 2011/2012 mövsümünə start veriləcək. Azerisport.az xəbər verir ki, qitəmiqyaslı yarışlar Çempionlar Liqasının ilk mərhələsinin iki oyunu ilə başlayacaq.
Belə ki, qitənin ən mötəbər klub turnirində birinci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Məlum olduğu kimi, bu mərhələdə Avropanın reytinqinə görə ən əzif futbol ölkələrinin təmsilçiləri üz-üzə gəlir. Bu ölkələr isə Andorra, Lüksemburq, San-Marino və Maltadı.
Püşkə əsasən Andorra və Lüksemburq çempionları – müvafiq olaraq “Santa Coloma” ilə “Dudelange” üz-üzə gələcəksə, San-Marino ilə də Maltanın çempionları – “Tre Fiori”ylə “Valletta” növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq.
Cırtdan ölkə təmsilçilərindən növbəti mərhələyə hansı komandaların adlayacağı isə iyulun 5-6-da məlum olacaq. Belə ki, “Dudelange” – “Santa Coloma” görüşü iyulun 5-də, “Valetta” – “Tre Fiori” görüşü isə bir gün sonra baş tutacaq və məhz bundan sonra iki ən güclü kollektiv ÇL-in ikinci təsnifat mərhələsinə vəsiqəni rəsmiləşdirmiş olacaq.
Maraq üçün onu da əlavə edək ki, ÇL-də çıxış edən Azərbaycan çempionu “Neftçi” mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən qoşulacaq və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuyla qarşılaşacaq. Bu komandalar arasındakı ilk görüş iyulun 12-13-də Zaqrebdə, cavab görüşü isə ayın 19-da Bakıda keçiriləcək.
Avropanın digər nüfuzlu klub turniri – Avropa Liqası isə iyunun 30-da start götürəcək və birinci təsnifat mərhələsində iki klubumuz – AZAL və “Qarabağ” mübarizəyə başlamış olacaq. Azərbaycan kubokunun sahibi “Xəzər Lənkəran” isə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.
Çempionlar Liqası
Birinci təsnifat mərhələsi
İlk oyunlar
28 iyun
22:00. Santa Coloma (Andorra) – Dudelange (Lüksemburq)
23:30. Tre Fiori (San-Marino) – Valletta (Malta)
23:30. Tre Fiori (San-Marino) – Valletta (Malta)
