28 iyun 2011 12:40
Rəşad Abdullayev: Bakıya sərfəli hesabla qayıdacağımıza inanıram
"Neftçi"nin yarımmüdafiəçisi Rəşad Abdullayev müsahibəsində UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri olan Zaqreb "Dinamo"sunu dəyərləndirib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Çempionlar Liqasında "Neftçi"ni şərəfli və məsuliyyətli sınaq gözləyir. Komanda Zaqreb "Dinamo"su ilə oyuna necə hazırlaşır?
- Düşünürəm ki, avrokuboklara vəsiqə qazanan hər bir komanda qitə arenasında layiqli çıxış etmək üçün əlindən gələni edir. Komandalar bütün mövsümboyu daxili çempionatda məhz Avropaya çıxmaq, titul qazanmaq üçün böyük işlər görür. Bizim əsas hədəfimiz Avropada uğurla çıxış etməkdi. Bunun üçün rəqibin kimliyi bizi düşündürmür. Hazırlıqlarımız yüksək səviyyədə keçir. Artıq Türkiyədəki hazırlıq prosesi arxada qalıb. Növbəti təlim-məşq toplanışı isə Avstriyada olacaq.
- İlk oyunun səfərdə olması "Neftçi" üçün müsbət haldı?
- Futbolda əvvəllər qarşılaşmadığın rəqiblə ilk matçı səfərdə keçirmək daha əlverişlidi. Mən bu komandaya qarşı avrokuboklarda mübarizə aparmışam. Həmin görüşlərdə "Dinamo" açıq futbola üstünlük verən komanda təsiri bağışlayırdı. Ancaq eyni zamanda yaxşı müdafiə olunurlar. Son mövsümdə onların heyətində təcrübəli futbolçularla yanaşı, xeyli sayda gənc oyunçu çıxış edib. Bunun səbəbi isə Zaqreb klubunun əsas məqsədlərindən birinin gənc futbolçuları yetişdirərək, Avropa ölkələrinə satmaq olmasıdı. Bunun üçün onlar qitəmiqyaslı yarışlarda hər zaman uğurla çıxış etməyi hədəfləyirlər. Ümumiyyətlə, ilk oyunda qazanılacaq nəticədən çox şey asılıdı. Biz meydanda var gücümüzlə mübarizə apararaq, baş məşqçimizin tapşırıqlarını meydanda həyata keçirə bilsək, Bakıya sərfəli hesabla qayıdacağımıza inanıram.
- "Dinamo"nun azarkeşləri Avropada ən çılğın fanat ordularından biri kimi ad çıxarıb. Bu amil futbolçularımıza təsir edə bilərmi?
- Mən "Maksimir" stadionunun atmosferi ilə yaxından tanışam. Onlar oyunun ilk 15 dəqiqəsində doğma komandalarını çılğıncasına dəstəkləyirlər. Məhz buna görə onların azarkeşləri Avropada ən güclü fanat ordularından biri hesab olunur. Ancaq rəqib layiqli futbol nümayiş etdirdiyi zaman, qonaq komandanı alqışlamağı da unutmurlar. Birdə ki, orada stadionun tribunaları yaşıl meydandan çox aralıdı. Azarkeş dəstəyinin futbolçularımıza təsir edəcəyini düşünmürəm. "Neftçi"nin heyətində öz yığma komandalarında çıxış edən bir çox təcrübəli futbolçu yer alır. Çalışacağıq ki, Çempionlar Liqasında gözəl oyun göstərib, azarkeşlərimizə sevinc hisləri bəxş edək.
