29 iyun 2011 13:09
Minsk AZAL-la oyuna görə planlarını dəyişdi
UEFA Avropa Liqasında Azərbaycan təmsilçisi AZAL-a rəqib olan Belarusun “Minsk” klubunun planları dəyişib. Azerisport.az xəbər verir ki, paytaxt klubu təmsilçimizlə oyunlara görə Belarus çempionatındakı matçının vaxtının dəyişdirilməsinə qərar verib.
Belə ki, “Minsk” ölkə çempionatının 16-cı turu çərçivəsində iyulun 3-də “Şaxtyor”la qarşılaşmalıydı. Lakin məhz Avroliqadakı çıxışını əsas gətirən minsklilər Belarus Futbol Federasiyaları Assosiasiyasına müraciət edərək, qarşılaşmanın bir gün sonraya keçirilməsini xahiş edib. Futbol qurumu isə onların bu xahişini müsbət qarşılayıb. Beləliklə, “Minsk” – “Şaxtyor” görüşü iyulun 4-də “Dinamo” stadionunda baş tutacaq və yerli vaxtla saat 19:00-da start götürəcək.
Qeyd edək ki, “Minsk” sabah Bakıda AZAL-la ilk oyununu keçirəcək. Bu komandalar arasındakı cavab görüşü isə iyulun 7-də Minskdəki “Dinamo” arenasında baş tutacaq.
