29 iyun 2011 13:14
Bütün rəqibləri irəli, Azərbaycan geri getdi
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, ötən ayla müqayisədə 4 pillə geriləyən Azərbaycan millisi 282 xalla 112-ci mövqedə qərarlaşıb.
AÇ-2012-nin seçmə mərhələsində yığmamızın rəqibləri olan komandalara gəlincə, Almaniya 1 pillə irəliləyərək, üçüncülüyü ələ keçirib (1417 xal). Türkiyə isə 7 pillə irəliləyib. "Ay-ulduzlular" 820 xall 23-cüdü. Belçika da iki pillə irəliləyib və 691 xalla 35-ci olub. Avstriya 9 pillə irəliləyib. Bu ölkə hazırda 479 xalla 65-cidi. Ən çox irəliləyən isə Qazaxıstan olub. Millimiz üzərində qazanılan qələbə bu ölkəni düz 13 pillə irəli salıb - 231 xalla 126-cı yer.
Millimizin avqustun 10-da yoldaşlıq görüşündə üz-üzə gələcəyi Makedoniya yığması 13 pillə geriləyib. Hazırda bu komanda 338 xalla 98-ci pillədə yer alır.
Siyahıya yenə İspaniya başçılıq edir. Avropa və dünya çempionlarının 1871 xalı var. 1661 xala malik Hollandiya 2-ci pillədə qalıb. 1146 xala malik İngiltərə 2 pillə irəliləyib və 4-cü pillədə yer alıb. Əvəzində 1130 xala malik Braziliya 2 pillə geriləyərək, 5-ci olub. 3 pillə irəliləyən İtaliya 1059 xalla 6-cı, 1 pillə irəliləyən Portuqaliya 1046 xalla 7-ci, 2 pillə irəliləyən Xorvatiya 1033 xalla 8-ci, 19 pillə irəliləyən Meksika 1007 xalla 9-cu, 5 pillə geriləyən Argentina isə 979 xalla 10-cudu.
Növbəti reytinq cədvəli iyulun 27-də açıqlanacaq.
