29 iyun 2011 01:14
Twente 12 qol vurdu, Vaqif isə...
Millimizin hücumçusu, “Qarabağ” və “Bakı”nın sabiq oyunçusu Vaqif Cavadovun heyətində yer aldığı Hollandiyanın “Twente” klubu növbəti mövsümə hazırlıq prosesi çərçivəsində üçüncü sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandasının rəqibi “Markelo” olub.
Bundan əvvəlki iki sınaq matçında olduğu kimi, Enshede təmsilçisi yenə özündən zəif rəqibini darmadağın edib. Belə ki, Cavadovun komandası düz 12 cavabsız qola imza atıb. Hər hissədə altı qol vuran enshedelilərin heyətində Rendla, Yon, Qouriye və Vogelsanq dubla imza atarkən, digər qolları da Leugers, Berqhuis, Yanssen və Benqtsson vurub.
Təəssüf ki, millimizin üzvü bu dəfə də meydana çıxa bilməyib. Halbuki, “Twente”nin bu oyuna bir gün öncədən yeni komandasında işə başlamış baş məşqçi Ko Adrianse çıxarıb. Onun həmyerlimizə də diqqət ayıracağına ümid bəsləsək də, deyəsən Vaqifin bu komandada möhkəmlənməsi mümkün olmayacaq. Cavadovun yoxluğunda komandası meydanda aşağıdakı heyətlə mübarizə aparıb:
Start heyəti: Marsman, Kornelis, Visqerhof, Duqlas (Benqtsson, 46), Buys, Brama, Yanssen, Leugers, Berqhuis, Rendla, Yon.
60-cı dəqiqədən sonra çıxış edən heyət: Bednarek, Buma, Röseler, Benqtsson, Tesker, Bannink, Yahaya, Vogelsanq, Stokentri, Qouriye, Parker.
“Tvente”nin növbəti yoxlama görüşünə gəlincə, enshedelilər iyunun 30-da DSV-61-lə qarşılaşacaq.
