29 iyun 2011 22:37
Tarakanov: Bakıda konkret olaraq qələbə qazanmaq istəyirik
Avroliqanın birinci təsnifat mərhələsində AZAL-ın rəqibi olacaq Belarusun "Minsk" klubu artıq Bakıdadı. Azerisport.az xəbər verir ki, rəqib komanda paytaxtımıza 18 futbolçu ilə təşrif buyurub.
"Minsk"in heyətində Şeryakov, Klimoviç və Xaçaturyan zədə səbəbindən Azərbaycana gələ bilməyiblər. "Minsk"in futbolçuları axşam saatlarında matçın keçiriləcəyi Şüvəlan qəsəbə stadionunda son məşqə çıxıblar.
Bundan öncə isə Belarus klubunun baş məşqçisi Vitali Tarakanov matçla bağlı jurnalistlərə açıqlama verib. Halbuki o, öncədən ölkəmizə gec gələcəkləri üçün mətbuat konfransı keçirməyəcəklərini demişdi.
“Sabahkı oyunda müsbət nəticəyə ümid edirik. Konkret olaraq qələbə qazanmaq istəyirik. Bilirik ki, asan olmayacaq. Amma biz oyuna məsuliyyətlə yanaşırıq. AZAL-ın keçmiş oyunçusu Gennadi Bliznyuk mənə məlumat verib ki, xəbərdar edib ki, işimiz çətin olacaq. Bilirəm ki, klubunuzun heyətində xeyli legioner yer alır” – deyə, “Minsk”in çalışdırıcısı qeyd edib.
Tarakanov komandasının aparıcı oyunçularından Andrey Xaçaturyanın Bakıya gətirilməməsinə də münasibətini açıqlayıb: “Andrey Bakıya gəlməyi çox arzulayırdı. Amma təəssüf ki, zədə ona bu arzusunu gerçəkləşdirməyə imkan vermədi. Böyük ehtimalla o, cavab görüşün də buraxaq. Çünki zədəsi çox ciddidi”.
Qeyd edək ki, AZAL – "Minsk" oyunu sabah saat 20:00-da başlayacaq.
