29 iyun 2011 11:41
Berti Foqts XL və Neftçi`nin oyunlarında
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts “Neftçi” və “Xəzər Lənkəran” klublarının avrokuboklar çərçivəsində səfərdə keçirəcəyi oyunları izləyəcək. Azerisport.az xəbər verir ki, “Neftçi” Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 13-də Zaqreb şəhərində “Dinamo” (Xorvatiya), “Xəzər Lənkəran” isə Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 21-də Təl-Əviv şəhərində “Maccabi” (İsrail) komandası ilə qarşılaşacaq.
Milli komandanın baş məşqçisinin köməkçisi Vəli Qasımov isə AZAL və “Qarabağ” komandalarının Avropa Liqası çərçivəsində Bakıda keçirəcəyi oyunları izləyəcək. Qeyd edək ki, Foqtsun “Qarabağ”ın Litvadakı səfər matçını da izləyəcəyi xəbər verilsə də, AFFA bu məlumatı təsdiqləməyib.
