30 iyun 2011 00:26
Avrokuboklara Qarabağ və AZAL-lı start
Bu gün UEFA Avropa Liqasındakı təmsilçilərimizdən ikisi – “Qarabağ” və AZAL avrokubokların yeni mövsümünün açılışını edəcək. Azerisport.az xəbər verir ki, birinci təsnifat mərhələsində mübarizəyə başlayan təmsilçilərimizin biri ilk matçına evdə, digəri isə səfərdə çıxacaq.
Qeyd edək ki, əslində püşkə görə hər iki klubumuz ilk matçını səfərdə keçirməliydi. Lakin UEFA bir ölkə təmsilçisinin eyni vaxtda bir şəhərdə oynamasına imkan vermədiyindən, AZAL-ın Belarus “Minsk”i ilə dueli də avtomatik olaraq Bakıya salındı ki, cavab görüşləri zamanı həmin qanunauyğunluq pozulmasın. “Qarabağ” isə elə püşkün nəticəsinə əsasən Litva “Banga”sı ilə ilk görüşə səfərdə çıxmalı olacaq.
Qurban Qurbanovun çalışdırdığı Ağdam klubu artıq əvvəlki iki mövsümdə uğurlu çıxışı ilə bütün futbol azarkeşlərimizin gözündə yüksəlib. “Qarabağ” elə bu il də əsas favoritlərimizdən hesab olunur. Nəzərə alsaq ki, ağdamlılar “Banga”nı keçəcəyi halda, hətta bu rəqibindən də zəif olan Farar adalarının “Streymur” klubuyla üz-üzə gələcək, o zaman təmsilçimiz ilk iki mərhələni ciddi çətinlik görmədən keçməlidi. Hər halda qarşısına ən azı son illərdəki uğurlarını təkrarlamaq vəzifəsi qoyan “Qarabağ”ın başqa çıxış yolu yoxdu.
Bu mənada “Banga”nın elə də ciddi rəqib olmadığını da qeyd etmək yerinə düşərdi. Düzdü, istənilən halda ağdamlı futbolçular rəqibi zəif hesab etməməli və ciddiyə almağa borcludular. Amma fakt budu ki, sözügedən komanda indiyə qədər heç vaxt avrokuboklarda iştirak etməyib və bu gün “Qarabağ” qitə miqyaslı turnirlərdə ilk görüşünə çıxacaq debütant rəqibinin tarixinə düşəcək. Qarqjday şəhərinin təmilsçisi ötən mövsümü 6-cı pillədə başa vurmasına baxmayaraq, Litva kubokunun finalçısı kimi Avropa Liqasına vəsiqə qazanıb.
Bu komanda ev oyunlarını 2 minə yaxın azarkeş tutumu olan və şəhərin adını daşıyan kiçik stadionda keçirir. “Qarabağ”la oyunun doğma meydanda keçiriləcəyinə də elə məhz bu yaxınlarda icazə verildi. “Banga”nın heyətində futbol azarkeşlərimizə tanış olan Marius Kazlauskas, Anatoli Ostap və İrmantas Zelmikas da çıxış edir. Onlarla yanaşı son mövsümü AZAL-da keçirmiş Qvidas Yuşka da bu komandaya keçib və mümkündü ki, o da sifariş olunaraq ağdamlılarla görüşdə iştirak hüququ qazansın.
Ağdam klubu isə ən azı rəqibi ilə müqayisədə avrokuboklarda kifayət qədər böyük təcrübəyə malikdi. Belə ki, qitə miqyaslı turnirlərdə 28 oyuna çıxmış təmsilçimiz bunlardan 8-ni qələbə, 6-nı heç-heçə, qalan 14-nü isə məğlubiyyətlə başa vurub. Bu görüşlərdən dördü UEFA İntertoto kubokuna təsadüf edib (4 oyun, 1 qələbə, 3 məğlubiyyət). Qalan bütün matçlar isə Avropa Liqası çərçivəsində baş tutub. Bir sözlə müəyyən təcrübəyə malik olan təmsilçimiz üçün təcrübəsiz və debütant rəqibi ilə dueldə ən azı bu üstünlüyünə arxalana bilər.
Nəzərə alsaq ki, “Qarabağ” ilk oyunu səfərdə keçirir, cavab görüşü öncəsi müəyyən üstünlük qazanmaq üçün Qarqjdayda qol buraxmamaq və səfər qoluna imza atmaq vacibdi. Amma komandamız öncəki illərdə olduğu kimi, daha irəli gedib qələbə qazansa, bu daha yaxşı olardı. Cavab matçında isə doğma meydan və güclü azarkeş ordusu Ağdam klubuna əlavə üstünlüklər verəcək.
Litva təmsilçisi isə sadəcə hazırda yaxşı oyun təcrübəsinə malik olması ilə diqqət çəkir. Çünki “Qarabağ” uzun müddətdi ciddi sınağa çıxmadığı halda, “Banga” qızğın çağını yaşayan Litva çempionatında çıxış edir. Bu komanda son turda doğma meydanda “Jalgiris”ə 0:1 hesabıyla uduzub. Hazırda isə 12 komanda arasında 6-cı pillədə gedir.
“Banga” ilə matç ərəfəsində “Qarabağ”ın heyətində əsas itki Əfran İsmayılovun yoxluğudu. Son məşqlərin birində zədələnən millimizin üzvü ilk görüşü buraxacaq. Amma onun Bakıdakı qarşılaşmada meydana çıxmaq ehtimalı yüksəkdi. Əvəzində millimizin Qazaxıstanla səfər matçında sıradan çıxan Rauf Əliyevin sıraya dönməsi üzləri güldürə bilər.
Qarabağ`ın “Banga” ilə oyun üçün iştirak ərizəsi:
Qapıçılar: 1. Fərhad Vəliyev, 12. Osman Umarov, 99. Bojan Pavloviç;
Müdafiəçilər: 2. Qara Qarayev, 4. Zaur Həşimov, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 16. Kamil Hüseynov, 24. Admir Teli, 25. Ansi Aqolli;
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 10. Emin İmaməliyev, 15. Elgiz Kərəmli, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi;
Hücumçular: 9. Bəxtiyar Soltanov, 11. Rauf Əliyev, 17. Vüqar Nadirov, 21. Murad Səttarlı, 22. Əfran İsmayılov, 23. Tural İsgəndərov, 77. Georgi Adamiya.
AZAL-a gəlincə, Nazim Süleymanovun komandası “Qarabağ”dan fərqli avrokuboklarda elə də böyük təcrübəyə malik deyil. Paytaxt klubu indiyə qədər sadəcə bir dəfə ölkəmizi qitəmiqyaslı turnnirlərdə təmsil etmək hüququ qazanıb ki, onda da Avropa Liqasında debüt edən “təyyarəçilər” mərhələ adlaya bilməyib. 2008/09 mövsümünə təsadüf edən həmin oyunlardan birində uduzan komandamız evdə heç-heçə etsə də, bundan artığına gücü çatmamışdı.
Amma bu dəfə AZAL-dan da uğur gözləyənlər çoxdu. Çünki komandamızın baş məşqçisi Nazim Süleymanov kimi, rəqib komanda da avrokuboklarda debüt edir. Yəni “Banga” kimi, “Minsk”in də beynəlxalq oyun təcrübəsi yoxdu. Özü də Belarus klubunun əsası 2006-cı ildə qoyulub və qısa tarixə malikdi. Ötən mövsümü 3-cü pillədə başa vuran paytaxt təmsilçisinin cəmi 5 yaşı var və qısa tarixi ərzində ilk dəfə Avropa Liqasında çıxış etmək hüququ qazanıb.
“Banga” kimi, “Minsk”in də AZAL-la oyunlarda əsas üstünlüyü hazırda Belarus çempionatının davam etməsidi. Nazim Süleymanovun komandası isə çempionat başa çatandan ciddi sınaq üzünə həsrətdi və məhz oyun təcrübəsinin azlığı müəyyən problem yarada bilər. Bu mənada komandaya yeni gələn futbolçuların uyğunlaşmasının nə yerdə olmasından da çox şey asılı olacaq. Axı paytaxt təmsilçisi bu yay “Muğan”ın qapıçısı Amil Ağacanov və hücumçusu Elşən Məmmədovla yanaşı müdafiəçi Branislav Arseniyeviçi də bu oyun üçün sifariş edib və onların komandaya nə dərəcədə faydalı olacağı maraqla gözlənilir.
“Minsk” Bakıya bəzi itkilərlə gəlib. Bu mənada rəqib komandanın əsas itkisi kimi Andrey Xaçaturyan göstərilir. O, nəinki Bakıya gətirilib, heç cavab görüşündə də iştirakı mümkün olmayacaq. Komandamızda isə zədə və ya başqa hansısa itkinin olmaması AZAL-ın məşqçilər korpusuna istənilən kimi seçim etməyə imkan yaradır.
Süleymanovun yetirmələri ilk oyunun evdə keçirilməsindən və azarkeş amilindən yararlanaraq cütün taleyini evdə həll etməyə çalışmalıdı. Komandamız qol buraxmamaq şərtilə, rəqibini mümkün qədər çox cəzalandırmalıdı. Əks halda səfərdə keçiriləcək qarşılaşmada AZAL-ın işi çətin olacaq.
AZAL-ın “Minsk” ilə oyun üçün iştirak ərizəsi:
Qapıçılar: 12. Cahangir Həsənzadə, 1. Amil Ağacanov;
Müdafiəçilər: 2. Robert Petrov, 3. Usim Nduka, 6. Ritus Krjauklis, 21. Branislav Arseniyeviç;
Yarımmüdafiəçilər: 5. Aqil Nəbiyev, 20. Mansur Limani, 23. Pius İkedia, 7. Tərlan Xəlilov, 10. Nuqzar Kvirtiya, 9. Vüsal Qarayev, 11. Zohair Benouahi, 19. Hüseyn Axundov, 22. Elgün Abbaslı;
Hücumçular: 18. Cavid Rəhimov, 24. Enyo Krastovçev, 17. Viktor İbekoyi, 8. Elşən Məmmədov, 14. Orxan Səfiyaroğlu.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşləri iyulun 7-də keçiriləcək.
Avropa Liqası
Birinci təsnifat mərhələsi
İlk oyunlar
30 iyun
20:00. AZAL – “Minsk” (Belarus)
Hakimlər: Andris Treymanis, Harald Gudermanis, Aleksey Spasjonnikov, Vadim Direktorenko (hamısı Latviya)
Hakim-inspektor: Ferenc Szekeli (Macarıstan)
UEFA nümayəndəsi: Patrik Uottebled (Fransa)
Bakı. AZAL stadionu.
20:30. Banga (Litva) – Qarabağ (Azərbaycan)
Baş hakim: Torvaldor Arnason (İslandiya)
Qarqjday. “Qarqjday” stadionu.
