1 iyul 2011 19:17
Terim Galatasaray ilə rəsmi müqavilə imzaladı
Bir müddət öncə "Galatasaray"da fəaliyyətə başlayan Fatih Terim köhnə-yeni klubuyla rəsmi müqaviləyə imza atıb. Azerisport.az xəbər verir ki, bu gün "Türk Telekom Arena"da keçirilən mətbuat konfransında "İmperator" ləqəbli mütəxəssis vitse-prezident Ali Dürüstün iştirakı ilə anlaşmanı imzalayıb.
İmzalanma mərasimindən sonra Fatih Terim jurnalistlərin suallarını cavablandırıb. "İmperator" yuvasına döndüyünü bildirib: "Hamımızın hədəfi eynidi. Bütün "Galatasaray"lıların olduğu kimi, bizim də hədəfimiz uğur qazanmaqdı. Uğur üçün bir neçə yol var. Təlaşımız yoxdu, amma tələsirik. "Galatasaray"lı Fatih yuvasına döndü".
Terim iddialı açıqlamalarla çıxış edib: "Florya bazasını "Aslan yuvası"na döndərmək istəyirik. Oranın kilidi yoxdu, Florya "Galatasaray"ındı. Hamınızı sevincə qərq edəcək yeni uğurlar qazanmalıyıq. Onun üçün burdayıq".
Arda Turan məsələsinə toxunan baş məşqçi kapitanın komandada qalacağını bildirib: "Bir saniyə olsun onu satmağı düşünmədik. Güclü komanda qurmaq istəyən adam ən yaxşı oyunçularından birini satarmı? Bu kimi xəbərlərin artıq bitməsini istəyirəm. Ardanın komandadan getmək kimi bir istəyi yoxdu. Bir gün "Galatasaray"da oynamaq istəmirəm desə, o zaman düşünərik".
"İmperator" müqaviləsinin formal olduğunu bildirib: "Müqaviləm üç il üçün nəzərdə tutulub. Gələcəkdə yenidən dəyərləndirəcəyik. İstədiyimiz anda bu anlaşmanı poza bilərik. Mənim imzamda əsla problem ola bilməz. Mən 1974-cü ildə imzamı atmışam. Mənim heç bir imzam 20 il davam etmədi. Bu səbəbdən də bu imzanı formal görürəm və yuvama döndüyümü söyləyirəm. Mənim üçün sadəcə "Galatasaray" var".
