1 iyul 2011 11:25
Vüqar Nadirov: Özümü Banga ilə oyunun qəhrəmanı hesab etmirəm
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin Litva “Banga”sı ilə səfər matçında dubla imza atan Vüqar Nadirov 4:0 hesabıyla qalib gəldikləri görüşdən sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Oyun haqda nə deyərdiniz?
- Bu görüşə çox ciddi yanaşırdıq. Axı ilk qarşılaşmalar həmişə çətin olur.
- Bu görüşə çox ciddi yanaşırdıq. Axı ilk qarşılaşmalar həmişə çətin olur.
- Amma nəticə heç də belə deməyə əsas vermir...
- Biz sadəcə ələ düşən fürsətlərdən maksimum yararlana bildik. Buna görə də qələbəmiz böyükhesablı alındı. Nəticədən razı qaldım. Amma oyundan o qədər də yox.
- Oyundan öncə futbolçularda arxayınlaşma olacağı gözlənilirdi...
- Belə deyirdilər. Axı biz güclü rəqiblərə qarşı daha yaxşı oynadığımız halda, zəif komandalarla görüşlərdə müəyyən problemlərlə üzləşirik. Çalışdıq ki, yaxşı oynayaq. Zonaları bağlamağı bacardıq. Kompakt oyun sərgiləyə bildik.
- İki gözəl qolla yerli publikanın da sevimlisinə çevrildiniz...
- Qollar maraqlı alındı. Mənə hətta zəng etmişdilər və deyirdilər ki, fantastik alınıb. Mənə də elə gəlir ki, baxımlı qollar idi. Buna görə təbii ki, şadam.
- Kimlərə həsr edirsiz bu qolları?
- Sizə, axı oyundan iki gün öncə qol istəmişdiz. Həmçinin öz yaxın qohumlarıma həsr edirəm.
- İki qol + qol ötürməsi. Sizi oyunun qəhrəmanı da adlandırmaq olar...
- Mən özümü elə hesab etmirəm. Bütün komanda öz əlindən gələni etməyə, baş məşqçinin tələblərini həyata keçirməyə çalışırdı. Hamı uğurlu nəticə üçün çox çalışdı. Təkcə özümü qeyd etmək istəməzdim. İstənilən halda biz kollektiv oyun sərgiləyirik. Şükür Allaha ki, mən də hər şey yaxşı alındı. Mənim mövqeyimdə oynaya biləcək futbolçu nə etməliydisə, mən də sadəcə onu etdim.
- Yəqin ki, Qurban Qurbanov da oyundan razı qalar...
- Əlbəttə, o, oyundan sonra təşəkkürünü bildirdi. Və söylədi ki, ikinci oyuna hazırlaşmaq lazımdı.
- 4:0-dan sonra Bakıda hansı hisslərlə oynayacaqsız?
- Bu matç artıq başa çatdı. Evdəki oyuna biz qolsuz heç-heçə ilə başlayacağıq.
