1 iyul 2011 13:00
İnter`in yeniləri canfəşanlıq edir
Xəbər verdiyimiz kimi, iyunun 30-da Türkiyənin İsparta şəhərində məskunlaşan "İnter" Ukraynanın "Metallurg"(Zaporojye) klubu ilə yoxlama görüşünü keçirib. Azerisport.az bir daha xatırladır ki, bu qarşılaşma 4:0 hesabıyla Bakı klubunun xeyrinə bitib.
"Sirene Devras" otelinin ərazisində yerləşən meydançada baş tutan oyuna "İnter" bu heyətlə çıxıb: Georgi Lomaya, Arif Daşdəmirov, Valeri Abramidze, Şəhriyar Rəhimov, İlia Kandelaki, Asif Mirili, Bronislav Çervenka (k), Elnur Abdulov, Asif Məmmədov, Girts Karlsons.
Birinci hissənin əvvəlindən qarşılıqlı hücumlar şəraitində keçən oyunun 20-ci dəqiqəsındə "Metallurg" futbolçuları Lomayanın qapısına yol tapsa da, görüşün baş hakimi bu epizodda oyundan kənar vəziyyəti qeydə alaraq, qolu saymayıb. "İnter" buna Girts Karlsonsun akrobatik zərbəsi ilə cavab verib. Lakin "Metallurg"un qapıçısı komandasını qoldan xilas edə bilib. Bununla da birinci hissə başladığı kimi başa catıb.
Oyunun fasiləsində Kaxaber Tsxadadze heyətin 8 üzvünü istirahətə yolladı. Onların yerinə meydana Dmitriy Kramarenko, Rüstəm Abbasov, Baçana Tsxadadze, Samir Zərgərov, Xəyal Mustafayev, Ruslan Poladov, Nizami Haciyev və Daniel Genov daxil olublar.
Bu əvəzetmələr oyunun taleyinə təsir göstəriblər. Artıq 54-cü dəqiqədə Daniel Genovun ötürməsindən sonra Nizami Haciyev hesabı açıb. 11 dəqiqə sonra baxışda olan Rüstəm Abbasov baş zərbəsi ilə hesabı 2:0-a çatdırıb. "Metallurg" özünə qəlməmiş "İnter" üçüncü dəfə fərqlənib. Bu dəfə Ukrayna komandasını Baçana Tsxadadze məyus edib. Görüşün başa çatmasına 3 dəqiqə qalmış isə "İnter"in yeni transferi Samir Zərgərov oyunda nöqtə qoyub.
