4 iyul 2011 13:34
Diniyev Ermənistan yığmasının sabiq qapıçısı ilə işləyəcək?
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin ölkə futbolu tarixində ilk dəfə İranın ali liqası sayılan – Superliqada çalışacağını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, həmyerlimiz Tehranın “Rah Ahan” klubuna baş məşqçi təyin olunub.
Diniyev bu klubda Ermənistan yığmasının sabiq qapıçısı Arutyun Abramyanla birgə çalışa bilər. Məsələ burasındadı ki, o, bu komandada qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirir. Lakin yeni azərbaycanlı baş məşqçinin onunla birgə çalışıb-çalışmayacağı maraq doğurur.
Qeyd edək ki, Diniyev Tehrana iyulun 7-də yollanacaq. Rəsmi müqavilə isə iyulun 8-də imzalanacaq. Həmin vaxtadək o, özü üçün 2 köməkçi və 1 qapıçılarla işləyən məşqçi müəyyənləşdirməlidi. Baş məşqçinin daha bir köməkçisi isə iranlı olacaq. Belə olan halda gözləmək olar ki, Diniyev erməni ilə birgə çalışmaqdan imtina etsin. Amma hər şey təbii ki, klub rəhbərliyinin bu tələbə necə münasibət göstərməsindən asılı olacaq.
Sonda onu da bildirək ki, indiyə qədər azərbaycanlı mütəxəssislərdən bir neçəsi İran çempionatında baş məşqçi kimi çalışsa da, heç biri yüksək liqa komandalarına rəhbərlik etməyib. Şahin Diniyevin baş məşqçi təyin olunduğu “Rah Ahan” isə ötən mövsüm İran Superliqasında 15-ci yeri tutub. Bir neçə həftə öncə bu klub yeni və daha imkanlı rəhbərliyinə qovuşub.
