4 iyul 2011 17:00
Sumqayıt-Şəhər: AFFA-nın yeni Şəfa`sı
Yeni yaradılan “Sumqayıt-Şəhər” komandasının yeni mövsüm üçün siyasət planı müəyyənləşib. Azerisport.az xəbər verir ki, yeni mövsümdə Premyer Liqada çıxış edəcək komanda Azərbaycan yığmasının müxtəlif yaş qruplarında çıxış edən üzvləri ilə güclənəcək.
Onların arasında Qazaxıstan, Moldova və Bakıda təşkil olunan beynəlxalq tunirdə uğur qazanan 17 yaşlılardan ibarət yığmamızın (U-17) üzvləri əksəriyyət təşkil edəcək. Belə ki, Orxan Əliyev (Elektroavtomatik, Rusiya), Ruslan Nəsirli (Maşuk, Rusiya), Rüstəm Əskərov (Tesktilşik, Rusiya), Şamil Camaləddinov (Rubin, Kazan, Rusiya) kimi oyunçular Təbriz Həsənovun rəhbərlik etdiyi millimizin əsas aparıcı üzvləri hesab olunur.
Təbii ki, öz çıxışları ilə müsbət rəy formalaşdıran bu kimi futbolçuların klublarımız tərəfindən alınmaması bir qədər təəccüblü görünə bilərdi. Lakin məhz yeni yaradılan Sumqayıt təmsilçisi onları bir komandada cəmləşdirməyə qərar verib. Millimizin çalışdırıcısı olan Həsənov “Sumqayıt-Şəhər”də də baş məşqçi Bernard Raabın əsas köməkçisi olacaq ki, bu da həmin oyunçuların həm yığmada, həm də klubda daim nəzarətdə olacağı anlamına gəlir.
Gənclərdən ibarət yığmamızın (U-21) üzvlərindən də bir neçəsi məhz “Sumqayıt-Şəhər”də çıxış edəcək. Onlardan Eşqin Quliyevlə Orxan Həsənov “Neftçi”dən gəlibsə, Kamil Nurəhmədov da “Abşeron”da top qovurdu. U-19-un kapitanı olan “Neftçi”nin gənc üzvlərindən Ruslan Tağızadə də məhz Sumqayıt klubunun heyətində top qovacaq.
“Sumqayıt-Şəhər”in daha bir futbolçusu vaxtilə “Lokomotiv”in kapitanı olmuş “Spartak”ın yetirməsi Samir Yusifovdu. Bir sözlə, Sumqayıt təmsilçisinin yalnız növbəti mövsüm üçün yox, gələcəyə hesablanan planlar qurduğu göz qabağındadı. Elə məhz bu yeni futbolçuların klub və yığma arasındakı hazırlıq prosesinin eyni qaydada həyata keçirilməsi üçün Raaba Təbriz Həsənovla Aslan Kərimov köməkçi təyin olunub. Həsənov kimi, Aslan da U-15-də məşqçi kimi fəaliyyət göstərir. Amma onların bu klubdakı fəaliyyəti millidəki işlərinə mane olmayacaq. Yəni onların əsas vəzifəsi milli komandadakı işləridi.
Yeni yaradılan bu klubun AFFA ilə münasibətlərinə də toxunmaq lazımdı. Məsələ burasındadı ki, klubun prezidenti təyin olunan Kamran Quliyev AFFA-nın texniki direktoru, U-21-in baş məşqçisi Bernard Lippertin köməkçisi vəzifəsində çalışırdı. Lakin AFFA-dan aldığımız son məlumatlara görə, artıq Quliyev federasiyadakı postundan istefa verib və qurumla heç bir əlaqəsi qalmayıb. Lakin bu klubun yaradılması ideyası məhz AFFA rəhbərliyi səviyyəsində həllini tapıb və “Sumqayıt-Şəhər” vaxtilə millinin bazası rolunu oynamış “Şəfa”nın analoqudu.
