4 iyul 2011 18:26
Mourinyo Real`ın kapitanını dəyişir
İspaniyanın “Real” (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo qapıçı İker Kasilyası kapitan sarğısından məhrum etməyi qərara alıb. Azerisport.az xəbər verir ki, bu haqda sözügedən ölkənin məşhur “Marca” nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, qapıçının kapitan olması ideyası Mourinyonun o qədər də xoşuna gəlmir. Buna görə də, o, növbəti mövsümdən meydan oyunçularından birini kapitan təyin etmək niyyətindədi.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis əvvəlki komandalarında da məhz meydan oyunçularını kapitan təyin edib. Məsələn, İtaliyanın “İnter” klubunda sarğını Xavyer Zanetti, İngiltərə “Chelsea”sində Con Terri daşıyıb. “Real Madrid”in yeni kapitanı isə müdafiəçi Serxio Ramos və ya yarımmüdafiəçi Xabi Alonso ola bilər.
Qeyd edək ki, İker Kasilyas “kral klubu”nun kapitanı sarğısını Raulun Almaniya “Schalke”sinə keçidindən sonra – 2010-cu ilin yayında qoluna taxıb.
