4 iyul 2011 19:11
Türkiyədə həbslər və Fənəri gözləyən təhlükələr artır
Türkiyədə futbol camiəsini şoka salan həbslər davam edir. Azerisport.az xəbər verir ki, son çempion "Feeərbahçe"nin oyun alqı-satqısında iştirakı ilə bağlı həbs olunanların sayı durmadan artır.
Bu gün daha bir neçə nəfər saxlanılıb. Onların arasında "Konyaspor"un sabiq baş məşqçisi Yılmaz Vural da var. Buna səbəb Superliqanın 25-ci turunda "Şükrü Saracoğlu" stadionunda keçirilən və "Fenerbahçe"nin 2:0 hesabı ilə qalib gəldiyi matçın satılması olub.
Lakin "Konyaspor"un prezidenti İlker Özkan buna inanmır: "Yılmaz hocanın belə bir addım atacağına, oyun satacağına inanmıram. Həmin vaxt "Fenerbahçe" güclü bir dönəmdə idi və yaxşı oyun sərgiləyirdi. Biz isə çətin bir dönəm keçirirdik".
"Beşiktaş"ın vitse-prezidenti Sərdal Adalının isə Türkiyə Kubokunun oyununda "İstanbul BB"nin oyunçusu İbrahim Akına "Bu oyunda oynama. Səni "Beşiktaş"a aparacağam" dediyi ortaya çıxıb.
"Beşiktaş"la təlim-məşq toplanışı üçün Avstriyaya yollanan Sərdar Adalının bu səbəbdən geri çağırılacağı deyilir.
Dünəndən saxlanılan "Fenerbahçe"nin prezidenti Əziz Yıldırımın bu gün səhhəti pisləşib. Klub rəhbəri polis idarəsindən birbaşa xəstəxanaya aparılıb. Xəstəxanada 2 saat 15 dəqiqə qalan Yıldırım daha sonra yenidən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb.
Olayla bağlı bu gün yeni iddialar da səslənməyə başlayıb. Belə ki, Türkiyə mətbuatının məlumatına görə, bir sıra futbolçunun "Fenerbahçe" ilə bağlı danışıqları polis tərəfindən dinlənilib. Dinləməyə düşən danışıqlardan "Eskişeherspor"un oyunçusu Sezer Öztürk və "Karabükspor"un futbolçusu Emenike ilə bağlı maraqlı iddialar ortaya çıxıb. Məlum olub ki, "Fenerbahçe" rəhbərliyi hər iki futbolçuya "xidmətləriniz qarşılığında sizi klubumuza transfer edəcəyik" deyib. Hər iki futbolçu da telefon danışıqlarında olduğu kimi mövsüm bitən kimi "Fenerbahçe"yə transfer olundu.
Emenikenin həkim arayışına rəğmən zədəli olduğunu söyləyib "Fenerbahçe" matçına çıxmadığı oyunda İstanbul klubundan pul aldığı iddia edilir. Hətta onun pul alarkən polis tərəfindən izləndiyi və şəkilinin çəkildiyi də bildirilir. Emenike ilə yanaşı, Sezer Öztürk, Ümit Karan və Bülent Uyğunun da pul alarkən rəsmləri çəkilib.
Polisdəki mənbələrdən verilən məlumata görə, çempionluq uğrunda mübarizə aparan "Trabzonspor" da oyun almaq istəyib. Lakin buna nail ola bilməyib. Bu səbəbdən "Trabzonspor"da da axtarış aparılıb. Amma heç kim həbs olunmayıb.
Bu arada Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin Əziz Yıldırma qarşı irəli sürdüyü ittiham məlum olub. "Fenerbahçe" prezidenti "Şəxsi mənfəətlərinə görə silahlı cinayətkar qruplaşma qurmaq, idarət etmək və cinayət törətmək məqsədi ilə qurulan təşkilata üzv olmaq"da günahlandırılır.
Türkiyə mətbuatı iddia edir ki, əməliyyatlar qarşıdakı günlərdə də davam etdiriləcək. Bu günlərdə daha məşhur şəxslərin həbsi gözlənilir. Olaylar sadəcə "Fənərbaxça" ilə məhdudlaşmır. Hazırda əsasən üç klubla bağlı həbslərin olduğu barədə məlumatlar var. Bundan başqa 15 Super Liqa, 5 Bank Asiya liqası matçı ilə bağlı araşdırmalar davam edir.
Əziz Yıldırımın həbsindən sonra "Fenerbahçe"nin birjadakı səhmlərinin qiymətləri ucuzlaşmağa başlayıb. Ötən həftə 71,25 lirə olan səhmlər 10,18 lirə ucuzlaşaraq, 64 lirəyə düşüb.
"Fənərbaxça" ilə yanaşı, "Beşiktaş" və "Trabzonspor"un da hissələri ucuzlaşıb. "Beşiktaş"ın səhmələrinin qiyməti 7, "Trabzonspor"da isə 6 faiz aşağı düşüb.
İndi hamını "Fenerbahçe”nin aqibəti düşündürür. Təbii ki, ən çətin vəziyyətə bu klub düşəcək. İstanbul klubunun çempionluğu əlindən alınacaq, komanda aşağı liqaya göndəriləcək, Çempionlar Liqasına qatılmaq hüququndan məhrum olacaq, Əziz Yıldırım isə 6 ittihamla 30 il həbs cəzası alacaq.
Çempionlar Liqasının birbaşa qrup mərhələsinə qatılmalı olan "Fenerbahçe”nin durumunu UEFA da yaxından izləyir. Türkiyə Futbol Federasiyası qrup mərhələsinin püşkü atılana qədər - avqustun 25-dək durumla bağlı UEFA-ya məlumat verməlidi. İttihamlar sübut olunsa, o zaman "sarı-lacivərdlilər" ÇL-də iştirak edə bilməyəcək.
