4 iyul 2011 20:37
Bakı İnter`ində yeni baş məşqçi
"İnter"in əvəzedici komandasına yeni baş məşqçi təyin olunub. Azerisport.az xəbər verir ki, bundan sonra “bankirlər”in əvəzedici heyətini Tofiq Mustafayev çalışdıracaq.
Qeyd edək ki, o, bu postda Elşad Əhmədovu əvəzləyib. Çünki Əhmədov bir neçə gün öncə “Neftçi”nin əvəzedici komandasına baş məşqçi təyin edilib.
Tofiq Mustafayev yeni təyinatı və komandasının Qusardakı təlim-məşq prosesinin gedişi barədə firkirlərini açıqlayıb.
- Doğrusu, təyinat mənim üçün bir qədər gözlənilməz oldu. Ona görə ki, “İnter”də 6 aydı çalışırdım. 1996-cı il təvəllüdlü futbolçularla işləyirdim. Bilirsiniz ki, çalışdırdığım komanda bu mövsüm Azərbaycan çempionatında 3-cü yeri tutdu. Əməyimlə bu etimadı doğrultmağa çalışacağam.
- Komandanın hazırlıq prosesi necə gedir?
- Prosesə iyun ayının 27-də Bakıda start verdik, 4 gün yüngül məşqlər oldu. Ayın 30-da məşq etdikdən sonra Qusara yollandıq. Gün ərzində 3 dəfə məşq keçirik. Səhər məşqini də nəzərə alıram. Birinci mərhələdə fiziki hazırlığa xüsusi diqqət ayırırıq. Onu da deyim ki, uşaqlar həvəslə çalışırlar. “İnter”in 1994-cü il təvəllüdlü futbolçularının bəziləri də hazırda baxışdadırlar və bəyəndiyimiz futbolçuları komandada saxlayacağıq.
- Burada yerli komandalarla oynamağı planlaşdırırsınızmı?
- Bəli, ayın 12-də “Şahdağ” komandasıyla yoldaşlıq matçı keçirməyi planlaşdırırıq. Ancaq bundan öncə, yəni iyulun 6-da “İnter”in Xaçmaz futbol bölməsinin yetirmələrilə qarşılaşacağıq. Bu matç saat 11:00-da baş tutacaq. Elə həmin gün saat 18:15-də Qusarın 20-21 yaşlı futbolçulardan ibarət rayon komandasıyla da görüşməyi planlaşdırırıq. Bu iki yoldaşlıq oyunundan sonra seçimimizi aparacağıq.
- İkinci təlim-məşq toplanışını harada keçirməyi nəzərdə tutursunuz?
- Digər variantlar da vardı, lakin çox güman ki, ikinci toplanış Bakıda keçəcək. Bakıda təlim-məşq toplanışı zamanı yoxlama oyunlarını təşkil etmək bizə çətin olmayacaq.
- Demək olarmı ki, komandanın heyəti tam formalaşıb, yoxsa yeni futbolçuları baxışdan keçirəcəksiniz?
- Yox, heyətin tam formalaşdığını demək olmaz, çünki təlim-məşq prosesi davam edir və əsas heyətdə hansı futbolçuların oynayacağı hələlik bilinmir. İkinci toplanış prosesində də yeni futbolçuları nəzərdən keçirəcəyik və bundan sonra heyətin tam formalaşması barədə danışmaq olar. (klubun saytı)
