4 iyul 2011 00:02
Eskişehirspor Bülənt Uyğun və Ümit Karanın müqavilələrini dondurdu
Türkiyənin "Eskişehirspor" klubu baş məşqçisi Bülənt Uyqun və idman direktoru Ümit Karanın vəzifələrini, eləcə də futbolçusu Mehmet Yıldızın transferini dondurub. Azerisport.az xəbər verir ki, bu barədə klubun yaydığı bəyanatda bildirilir.
Sənəddə qeyd olunur ki, futbolda rüşvət iddiaları ilə əlaqədar saxlanılan 40-dan çox şəxs arasında "Eskişehirspor"lular da var. Klub rəhbərliyi məhkəmənin qərarını gözləyəcəyini və istənilən qərara hörmətlə yanaşacaqlarını bəyan edib: "Məhkəmədən gələcək qərar çərçivəsində "Eskişehirspor"un idarə heyəti toplantı keçirərək, saxlanılan əməkdaşları ilə "davam" və ya "tamam" qərarı verəcək".
Maraq üçün xatırladaq ki, Türkiyədə dünən danışılmış oyunlarla bağlı istintaq çərçivəsində bir çox klub rəhbəri, futbolçular, məşqçilər və menecerlər saxlanılıb. Bu isə qardaş ölkədə futbol tarixinin indiyədək görünməmiş ən böyük və ən geniş miqyaslı polis-istintaq əməliyyatı hesab olunur. Məsələ burasındadı ki, hüquq-mühafizə orqanları son mövsümdə çempion olmuş “Fenerbahçe” klubunun bəzi oyunları ilə bağlı araşdırmalara başlayıb. Əməliyyatlar nəticəsində 100-ə yaxın futbol dünyasının məşhur simaları həbs olunub. Qeyd edək ki, həbs olunanlar arasında “Fenerbahçe” prezidenti Əziz Yıdırım, vitse-prezident Şekip Mosturoğlu, klub müdiri İlhan Ekşioğlu,”Eskişeherspor”un baş məşqçisi Bülənt Uyğun, idman direktoru Ümid Karan, “Genclerbirliği”nin qapıçısı Serdar Kulbilgə də var. Bundan başqa, “Fənər”in bu mövsümdə “Karabükspor”dan transfer etdiyi nigeriyalı futbolçu Emmanuel Emenike və “Eskişeherspor”dan alınan Sezər Öztürk də həbs olunanlar arasındadı.
