4 iyul 2011 12:53
Litva millisinin üzvü XL-da (FOTO)
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran” Avstriyadakı təlim-məşq toplanışına daha bir futbolçu dəvət edib. Azerisport.az xəbər verir ki, bu, Ramunas Radaviçyusdu.
Litvanın “Ekranas” klubunun 30 yaşlı müdafiəçisi cənub təmsilçisinə keçməyə çox yaxındı. Məsələ burasındadı ki, o, hətta Litva çempionatının son turunda komandasının “Kruoja” ilə oyununda da iştirak etməyib və “Xəzər Lənkəran”ın düşərgəsinə gəlib.
Radaviçyusun klubuyla müqavilə 4 ay sonra başa çatacaq. Bundan sonra isə o, azad agentə çevriləcək. Klub rəhbərliyi onun cənub təmsilçisinə keçidinə mane olmaq istəmir və bu keçiddən qazanc da güdmür.
Qeyd edək ki, ötən il Radaviçyus üçün çox uğurlu alınıb. O, məhz “Ekranas”ın heyətindəki uğurlu çıxışı sayəsində Litva millisinə də dəvət olunub və bu günə qədər 11 matçda forma geyinib. “Ekranas”dan öncə “Vilnius”, “Jalgiris” və “Suduva” klublarında da top qovub. Bir sözlə futbolçu ilk dəfə legioner həyatı yaşamağa hazırlaşır.
