5 iyul 2011 01:24
Xəzər Lənkəran`dan daha üç transfer
Avropa Liqasına hazırlaşan "Xəzər Lənkəran" təlim-məşq toplanışına çağırdığı daha 3 futbolçu ilə anlaşıb. Azerisport.az xəbər verir ki, Lənkəran klubu heyətini rumın qapıçı və hücumçu, eləcə də litvalı müdafiəçi ilə gücləndirib.
Rumın qapıçı Emilian Dolhanın 31 yaşı var. O, "Xəzər Lənkəran"a Buxarest "Dinamo"sundan gəlib. Dolha karyerası ərzində "Gloria" (Rumıniya, 1996-1999, 3 oyun), "Olimpia" (Rumıniya, 1999-2000, 13 oyun), "Rapid" (Rumıniya, 2000-2006, 76 oyun), "Wisla" (Polşa, 2006-2007, 20 oyun), "Lech" (Polşa, 2007-2008, 10 oyun) və "Dinamo" (Rumıniya, 2008-2011, 41 oyun) klublarında çıxış edib. 2000-ci ildən çıxış etdiyi Rumıniya yığmasında iki dəfə forma geyinib.
Tsaba Borbelinin də 31 yaşı var. Hücumçu olan bu futbolçu ötən mövsüm "Otelul"la Rumıniya çempionu olub və bu komandada keçirdiyi 8 matçda 1 dəfə fərqlənib. Karyerası daha çox vətənində müxtəlif klublarla (“Szombathelyi Haladas”, “Astra”, “Metalul”, “Hutteen”, “Bihor”, “Universitatea Craiova”, “Progresul” və “Gloria”) bağlı olan Borbeli ölkədən kənarda yalnız Macarıstanın "Ferencvaros" klubunda forma geyinib.
Litvalı Ramunas Radaviçyus isə "Ekranas"dan gəlib. 30 yaşlı müdafiəçi indiyədək Litvanın "Vilnus" (2004-2007, 114 oyun, 8 qol), "Jalgiris" (2007-2008, 24 oyun, 2 qol), "Suduva" (2008-2009, 38 oyun, 7 qol) və "Ekranas" (2010-2011, 40 oyun, 10 qol) klublarında çıxış edib. Ötən ildən çıxış etdiyi Litva millisində 11 dəfə forma geyinib.
Artıq hər üç futbolçuyla münasibətlərini rəsmiləşdirən “Xəzər Lənkəran” onların adlarını UEFA-ya gönədəriləcək sifariş ərizəsinə daxil edəcək. Maraq üçün xatırladaq ki, "Xəzər Lənkəran" mövsümlərarası fasilədə bundan öncə 7 transfer etmişdi ki, onlardan da altısı legionerlərdi. Bunlardan üçü Buxarest "Steaua"sından gəlib. Bu, braziliyalı yarımmüdafiəçilər Rikardo Qomeş Vilana ilə Eder Bonfim və rumıniyalı hücumçu Marius Onofraşdı. Nigeriyalı hücumçu Tosin Dosunmu Belçikanın "Jerminal" klubundan transfer edilib. Joao Pinto Kipr “Olympiakos”undan gəlib. Florin Hidişan isə “Panduri”dən alınıb. Yeganə yerli futbolçu isə qapıçı Kamal Bayramov olmuşdu (Turan).
