5 iyul 2011 22:10
AZAL Minskdə ilk məşqə casuslarsız çıxdı
AZAL Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu üçün yollandığı Belarusda ilk məşqə çıxıb. Azerisport.az xəbər verir ki, Minskdə paytaxtın eyni adlı komandasıyla oyuna hazırlaşan Nazim Süleymanovun komandası sözügedən görüşün baş tutacağı “Dinamo” arenasında məşq edib.
“Təyyarəçilər” bu hazırlıq prosesində 20 futbolçuyla iştirak ediblər. Maraqlıdı ki, məşq prosesini yalnız azərbaycanlı jurnalistlər izləyiblər və yerli klubun “casus”larına rast gəlinməyib. Onların bu addımı isə müəyyən mənada arxayınlıqdan xəbər verir.
Qeyd edək ki, Bakıdakı ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan AZAL ilə “Minsk” arasındakı cavab görüşü iyulun 7-də baş tutacaq.
