5 iyul 2011 12:02
Bakı: İlk həftənin son günü Dinamo sınağı
“Bakı” Sloveniyanın Kraynska Qora şəhərində məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, artıq təlim-məşq toplanışının ilk həftəsini başa vuran “zolaqlılar” gündə hər biri bir saat yarım olmaqla iki məşq keçir.
Yoldaşlıq qarşılaşmaları ilə bərabər əsasən fiziki gücün yuksəlməsinə xidmət edən ikitərəfli oyunlar təşkil olunur. Kollektivin yeni üzvləri Denis İvanov və Maris Verpakovski fəal çalışmaları ilə diqqət çəkirlər.
Komandanın baş məşqçisi Aleksandr Starkov heyətdə yer alan gənc futbolçulara xüsusi diqqət yetirir. Əvəzedici komandadan dəvət olunan Nicat Abdullayev, Nurlan Novruzov, Şəhriyar Əliyev və Rəhman Hacıyev təcrübəli futbolçularla bərabər məşq edirlər. Qeyd edək ki, adıçəkilən gənc futbolçular “Domjale” ilə yoxlama oyununda meydanda olublar.
Bu gün “Bakı” ikinci yoldaşlıq oyununa çıxacaq. Rəqib Xorvatiya çempionu “Dinamo” Zaqreb klubudu.
