6 iyul 2011 18:19
Haciyevski: Neftçi Maksimir`də açıq futbola cəhd göstərməz
Azərbaycan yığmasının, eləcə də “Bakı” və “Simurq”un sabiq baş məşqçisi Qyoko Haciyevski Xorvatiya mətbuatına müsahibəsində ölkəmizlə bağlı xatirələrindən, eləcə də Zaqreb “Dinamo”su ilə “Neftçi”nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki qarşıdurmasından danışıb. Azerisport.az onun bəzi maraqlı açıqlamaları ilə sizi də tanış edir.
“Azərbaycanda 4 il çalışdım və ora ilə bağlı çox xatirələrim qalıb. İnsanlar bu ölkə haqqında düzgün informasiyaya malik deyillər. Azərbaycan İran və İraq kimi, neftiylə bol olan ölkədi. Bakı faktiki olaraq yaxın gələcəkdə Dubaya çevriləcək” – deyə, Haciyevski sözlərinə başlayıb.
Makedoniyalı mütəxəssis vaxtilə ölkəmizə gətirdiyi xorvatiyalı futbolçuların çempionatımızda ən yaxşılardan olduğunu iddia edib: “Bakı”da oynayan Marko Şarliya, Aleksandr Şoliç, Ernad Skuliç əsl liderə çevrildilər. Onlar Xorvatiya futbolunu Azərbaycanda layiqincə təmsil edirlər”.
Haciyevski “Dinamo” ilə qarşılaşacaq “Neftçi” barədə də danışıb: “Bu, Azərbaycanın sadəcə ən tanınmış klubu yox, həm də ən varlı komandasıdı. Axı onlara Dövlət Neft Şirkəti sponsorluq edir. Bunu nəzərə alsaq, “Neftçi”nin büdcəsi hətta “Dinamo”nun da büdcəsindən də çoxdu. Düzdü, vaxtilə çalışdığım “Bakı”da da maliyyə problemi yoxdu. “Neftçi”nin heyətində xorvatlar üçün tanış olan xeyli oyunçular var. Məsələn, yenicə alınan Saşa Stamenkoviç, Makedoniya yığmasının üzvləri İqor Mitreski ilə Slavço Georgiyevski, həmçinin belçiklaı Emil Mpenza. Bir neçə yaxşı braziliyalı futbolçuları da var”.
Haciyevskinin sözlərinə görə, “Dinamo”nun baş məşqçisi rəqibi lazımınca qiymətləndirməlidi: “Rəqibi qiymətləndirməmək olmaz. Mümkündü ki, “Dinamo” Avropa futbolu sərgiləyir. Amma Azərbaycanda da artıq belədi. Onlar açıq futbol oynamağı sevirlər. Bu da mənim çox xoşuma gəlirdi. Azərbaycanın həqiqətən güclü çempionatı var. Buna baxmayaraq, “Neftçi” 10 xallıq fərqlə (əslində isə 7 xallıq fərqlə - azerisport.az) çempion ola bildi. Hər halda bakılılar “Maksimir”də açıq futbola o qədər də cəhd göstərməz. Yəqin ki, onlar top saxlamağa çalışacaqlar. Hər halda çox şeyə oyunda aydınlıq gələcək”.
“Bakı” və “Simurq”un sabiq çalışdırıcısı “Dinamo”nun Bakıda işinin asan olmayacağını da vurğulayıb: “Ola bilsin ki, “Maksimir”də “Dinamo”nu dolu tribunalar dəstəkləsin. Amma cavab oyununda da “Neftçi” oxşar dəstəyə malik olacaq. Bakıda bu komandanı hardasa 30 min azarkeş dəstəkləyəcək”.
