7 iyul 2011 03:16
ÇL-in birinci təsnifat mərhələsinə yekun vuruldu
UEFA Çempionlar Liqasının 2011/2012 mövsümünün ilk təsnifat mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, bununla da qitənin ən nüfuzlu klub turnirinin ikinci təsnifat mərhələsinə hər iki vəsiqənin sahibi müəyyənləşib.
Məlum olduğu kimi, bu mərhələdə Avropanın reytinqinə görə ən zəif futbol ölkələrinin çempionları üz-üzə gəlir. Bu ölkələr isə Andorra, Lüksemburq, San-Marino və Maltadı. Püşkə əsasən Andorra və Lüksemburq çempionları – müvafiq olaraq “Santa Coloma” ilə “Dudelange” bir, San-Marino ilə də Maltanın çempionları – “Tre Fiori”ylə “Valletta” isə digər cütü təşkil edirdi. Bu cütlər arasındakı ilk duellərin hər ikisində qonaqlar qələbəyə sevinən tərəf olmuşdular. Belə ki, ötən həftə baş tutan ilk oyunlarda “Dudelange” səfərdə “Santa Coloma”nı 2 cavabsız qolla məğlub etmişdi. “Tre Fiori” isə “Valletta”nın qapısından 3 cavabsız top keçirmişdi.
Lakin təbii ki, hər şey cavab oyunlarından sonra rəsmi həllini tapmış olacaqdı. Bir gün öncə “Dudelange” “Santa Coloma”nı doğma meydanda da 2 cavabsız qolla məğlub edərək, mövsümün növbəti mərhələyə adlayan ilk komandası olmuşdu. Bu gecə isə “Valetta” “Tre Fiori”nin sürprizə imza atmasına imkan verməyib. Beləcə, “Dudelange”ın ardınca ÇL-in ikinci təsnifat mərhələsinə vəsiqəni rəsmiləşdirən ikinci komanda “Valetta” olub.
Qeyd edək ki, ikinci təsnifat mərhələsində “Dudelange” Sloveniyanın “Maribor” klubu ilə üz-üzə gələcək. “Valetta” isə Litva “Ekranas”ına rəqib olacaq.
Maraq üçün onu da əlavə edək ki, ÇL-də çıxış edən Azərbaycan çempionu “Neftçi” mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən qoşulacaq və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuyla qarşılaşacaq. Bu komandalar arasındakı ilk görüş iyulun 13-də Zaqrebdə, cavab görüşü isə ayın 19-da Bakıda keçiriləcək.
Çempionlar Liqası
Birinci təsnifat mərhələsi
Cavab oyunları
5 iyul
Dudelange (Lüksemburq) - Santa Coloma (Andorra) – 2:0
Qollar: Abdulley, 60; 89.
(İlk oyun - 2:0)
6 iyul
Valletta (Malta) – Tre Fiori (San-Marino) – 2:1
Qollar: Zammit, 58, Barbosa, 88 – Lisi, 21-pen.
(İlk oyun - 3:0)
