7 iyul 2011 13:38
Yeni Tofiq Bəhramov
Dünən Azərbaycan prezidenti İlham Əliyev Tofiq Bəhramov adına Respublika stadionunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı. Azerisport.az xəbər verir ki, stadionun əsaslı təmiri və yenidən qurulması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 10 milyon manat məbləğində vəsait ayrılıb.
Bəs görəsən, bu təmir işləri nə vaxtdan başlayacaq? Bu tədbirlər klublarımızın avrokubok oyunlarına nə dərəcədə təsir göstərəcək? Arenanın direktoru Akif İsmayılov bizimlə söhbətində onlar üçün heç bir problem yaranmayacağını deyir: “Avrokuboklardakı klublarımızın oyunları nəzərdə tutulduğu qaydada da keçiriləcək. Yəqin ki, dekabra kimi klublar burda oyun keçirə biləcəklər”.
İsmayılovun sözlərinə görə, nəhayət mərkəzi arenanın da örtüyü olacaq: “Bütün yoxlama işlərimizi başa çatdırmışıq. Stadionun üzərini örtməyi sentyabra planlaşdırırıq. Düzdü, hələlik bununla hansı kompaniyanın məşğul olacağını bilmirik. Bu günlərdə mənim gənclər və idman naziri Azad Rəhimovla görüşüm olmalıdı. Bütün bu qaranlıq məqamlara da orda aydınlıq gətirəcəyik”.
Təmirə ehtiyacı olan digər sahələr isə sektorlar arası pilləkənlər, cığır, oturacaqlar və qazondu. Yenidənqurma işlərinin də detalları hələlik bəlli deyil: “İndidən sadəcə onu deyə bilərəm ki, bütün oturacaqlar dəyişdiriləcək. Qazonu da dəyişəcəyik. Bu, təxminən 20-25 gün vaxtımızı alacaq”.
İsmayılovun sözlərinə görə, artıq Türkiyə və Cənubi Koreya şirkətləri onlara bu işlərdə kömək etməyə hazırdılar. Amma böyük ehtimalla belə işlərdə böyük təcrübəsi olan koreyalılarla işbirliyinə üstünlük veriləcək: “Mən cənab prezidentə minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim arenaya çox böyük bir hədiyyədi. Stadionumuzun bu il qeyd olunacaq 60 illiyinə bundan gözəl hədiyyə ola bilməzdi”.
