7 iyul 2011 03:08
Qarabağ üçün xoş sürpriz
“Qarabağ” artıq “Banga” ilə oyuna hazırdı. Azerisport.az xəbər verir ki, Avroliqanın ilk təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Litva klubunu qəbul edəcək komandamız sonuncu məşqini edərək cavab görüşünün hazırlıqlarını tamamlayıb.
Oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda 1 saatlıq məşq keçən komanda baş məşqçi Qurban Qurbanov tərəfindən elə də çox yüklənməyib. Daha çox “kvadrat” və qapıya zərbələr üzərində keçən çalışmada bütün futbolçular, eləcə də zədə üzündən ilk oyunu buraxan Əfran İsmayılov və Rauf Əliyev də iştirak edib.
Məşqin sonunda komanda xoş sürprizlə qarşılaşıb. Belə ki, komandanın üzvləri məşq boyu daim onları dəstəkləyən azarkeşlər tərəfindən paxlavaya qonaq ediliblər.
