8 iyul 2011 16:01
Qarabağ`ın növbəti rəqibini yaxından tanıyaq
Dünən Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda Litvanın "Banga" klubunu məğlub edən "Qarabağ" artıq növbəti mərhələdədi. Azerisport.az xəbər verir ki, iki oyunun cəminə görə 7 cavabsız qolla adını ikinci təsnifat mərhələsinə yazdıran Qurban Qurbanovun komandasını burda daha bir zəif rəqib - Farer adalarının "Streymur" klubu gözləyir.
Tam adı "EB/Streymur" olan komanda 1993-cü ilin 23 fevralında "Eiois Boltfelag" və "Streymur" şirkətlərinin birləşməsindən yaranıb. Komanda ev oyunlarını 1000 nəfərlik "Vio Margair Streymnes" stadionunda keçirir. Lakin “Streymur” “Qarabağ”ı heç də bu arenada yox, Torshavndakı “Qundadular” stadionunda qəbul edəcək. Buna isə çox güman ki, UEFA-nın “Streymur”un stadionunda beynəlxalq oyunlar keçirməyə şərait olmadığı üçün qərar verilib.
Komanda tarixi ərzində 4 titul qazanıb. 2008-ci ildə Farer adaları çempionu olan "Streymur" 2007, 2008 və 2010-cu illərdə ölkə kubokuna sahib çıxıb.
"Streymur" ilk dəfə Avrokuboklarda 2007-2008 mövsümündə çıxış edib. Həmin vaxt UEFA Kubokuna ilkin təsnifat mərhələsindən başlayan komanda Finlandiyanın "MüPa-47" komandasına yenilərək mübarizəni dayandırıb (1:1, 0:1).
2008-2009 mövsümündə də UEFA Kubokuna birinci təsnifat mərhələsindən qatılan komandanın qarşısına "Manchester City" çıxıb. Hər iki oyunda 2:0 hesablı qələbə qazanan ingilislər "cırtdanlar"ın mərhələ adlamasına imkan verməyib.
"Streymur" 2009-2010 mövsümündə Çempionlar Liqasında iştirak edib. Amma bu dəfə də mərhələ adlamayıb. İkinci təsnifat mərhələsində Cənubi Kiprin APOEL klubu ilə qarşılaşan "Qarabağ"ın rəqibi iki oyunun nəticəsinə görə 0:5 hesabı ilə yenilib (0:2, 0:3).
"Streymur" 2010-2011 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində İsveçin "Kalmar" klubu ilə qarşılaşıb. Amma bu dəfə də mərhələ adlaya bilməyib (0:3, 0:1).
"Qarabağ"ın rəqibi indiyədək Avrokuboklarda yeganə qolunu 2007-ci ildə "MüPa-47"nın qapısına vurub.
"Streymur"a yerli mütəxəssis başçılıq edir. Belə ki, komandanı 51 yaşlı Hedin Asxam çalışdırır.
Komandanın kapitanı Farer adaları millisinin 34 yaşlı sabiq üzvü Egil Bodu. "Qarabağ"ın rəqibinin heyətində Farer adaları yığmasının dörd üzvü çıxış edir: Daniel Udsen, Marni Dyurhuus, Arnbyorn Hansen və Levi Hanssen. Komandada yalnız bir əcnəbi var. Bu əvvəllər Braziliyanın "Associaçao", Çexiyanın "Opava, Danimarkanın "Boldklubben" və Farer adalarının "B36 Torshavn" klublarında forma geyinmiş 30 yaşlı braziliyalı müdafiəçi Aleks dos Santosdu.
