8 iyul 2011 02:38
Vaqif Cavadov Volqa`da debüt etdi
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov nəhayət ki, Rusiyanın “Volqa” klubunun düşərgəsinə qoşulub. Azerisport.az xəbər verir ki, bir neçə gün öncə Nijni-Novqorod təmsilçisi ilə müqavilə imzalayan “Qarabağ” və “Bakı”nın sabiq hücumçusu yeni komandasına qoşulmaq əvəzinə, Bakıda bəzi işlərinin həlli ilə məşğul idi.
Artıq dünən həmin işlərini başa çatdıran Vaqif axşam saatlarında “Volqa”nın Avstriyada təlim-məşq toplanışında olan düşərgəsinə qoşulub. O, yeni komandasıyla məşqə çıxmağa macal tapmasa da, artıq “Volqa”da debüt matçına çıxıb. Belə ki, dünən Nijni-Novqorod klubu Danimarkanın “Copenhagen” klubu ilə sınaq matçı keçirib.
Baş məşqçi Dmitri Çerışev həmyerlimizə qarşılaşmanın yalnız son dəqiqələrində şans verib. Belə ki, Cavadov matçın 75-ci dəqiqəsində döyüşə atılıb. O, 31-ci dəqiqədə meydana daxil olan Vaçadzeni əvəzləyib. Lakin Vaqif meydanda olduğu dəqiqələrdə komandasına heç nə ilə kömək edə bilməyib. Düzdü, o, rəqib qapısı qarşısında bir təhlükəli epizodun yaranmasına şərait yaradıb. Belə ki, Vaqif bir müdafiəçini asanlıqla aldatdıqdan sonra Hocavaya əla ötürmə versə də, sonda rəqib qapıçı qola imkan verməyib. “Volqa” isə görüşün birinci hissəsində buraxdığı yeganə qol sayəsində məğlubiyyətlə barışıb – 0:1.
