8 iyul 2011 15:04
Qarabağ – Streymur matçı üçün tanış hakim
UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın Farer adalarının “Streymur” klubu cavab oyununun da hakimi açıqlanıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun növbəti mərhələdəki rəqibi ilə ev oyununu makedoniyalı ədalət təmsilçiləri idarə edəcək.
Belə ki, cırtdan ölkə təmsilçisi ilə Bakıda baş tutacaq qarşılaşmanı FİFA referisi Qoran Spirkoski idarə edəcək. Qeyd edək ki, bu referi 2009-cu ildə "Qarabağ"ın Norveç "Rosenborg"u ilə ev oyununda dördüncü hakim funksiyasını yerinə yetirmişdi. Onun köməkçilərinin kimliyi isə hələlik bilinmir. Qeyd edək ki, bu görüş iyulun 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma 21:00-da start götürəcək.
Tərəflər arasında bir həftə öncə - iyulun 14-də səfərdə baş tutacaq ilk görüş isə Torshavndakı “Qundadalur” stadionunda keçiriləcək. Qarşılaşma yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə saat 23:00-da) başlayacaq və Uelsdən olan Mark Stiven Uitbi tərəfindən idarə olunacaq.
